...

Güləşçilərimiz bu gün bürünc medal uğrunda mübarizə aparacaqlar (ƏLAVƏ OLUNUB 4) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 13:31 (UTC +04:00)
Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ikinci, ümumilikdə güləş yarışlarının son günündə döşək üzərində Azərbaycanın 4 güləşçisi çıxacaq.
Güləşçilərimiz bu gün bürünc medal uğrunda mübarizə aparacaqlar (ƏLAVƏ OLUNUB 4) (FOTO)

İlk xəbər 9:54-də yayılıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ikinci, ümumilikdə güləş yarışlarının son günündə döşək üzərinə Azərbaycanın 4 güləşçisi çıxacaq.

Trend xəbər verir ki, güləş yarışlarının son günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq çəkidə qaliblər müəyyənləşəcək.

Təmsilçilərimizdən Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) Azərbaycana medal qazandırmağa çalışacaqlar.

61 kq
1/8 final - Valodya Franqulyan (Ermənistan) - Hacı Əliyev

70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Miroslav Kirov (Bolqarıstan)/Maqomedmurad Qacıyev (Polşa)

86 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Georgi Sredkov (Bolqarıstan)

125 kq
1/16 final - Jonas Rudaviçius (Litva) - Cəmaləddin Məhəmmədov

XXX

Bu gün güləşçilərimiz ilk qələbəsini qazandılar

Güləşçilərimizdən döşək üstünə ilk olaraq Azərbaycanı 125 kq çəki dərəcəsində təmsil edən Cəmaləddin Məhəmmədov oldu. 1/16 finalda Litva güləşçisi Jonas Rudaviciusla qarşılaşan pəhləvanımız rəqibini vaxtından əvvəl 10:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə əldə edib.

Cəmaləddin Məhəmmədovun 1/8 finaldakı rəqibi Türkiyənin adlı-sanlı güləşçisi Taha Akgül olacaq.

XXX

Hacı Əliyev erməni güləşçisinə qalib gəldi

Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş yarışlarında döşək üstə çıxan növbəti idmançımız Hacı Əliyev olub.

Təmsilçimiz 1/8 finalda Ermənistan idmançısı, 23 yaşadək güləşçilər arasında Avropa çempionu Valodya Franqulyan ilə üz-üzə gəlib.

Dünya və Avropa çempionu olan Hacı Əliyev gərgin mübarizə şəraitində keçən görüşdə düşmən ölkə təmsilçisinə bir xal belə vermədən onu 7:0 hesabı ilə məğlub edib və yarışların 1/4 final mərhələsinə vəsiqə qazanıb. Onun növbəti mərhələdə rəqibi Slovakiya təmsilçisi Mikola Bolotnyuk olacaq.

XXX

Daha bir güləşçimiz 1/4 finalda

Azərbaycanı 86 kq çəki dərəcəsində təmsil Nurməhəmməd Hacıyev isə 1/8 finalda Bolqarıstan güləşçisi Georgi Sredkov ilə qarşılaşıb.

Güləşçimizin böyük üstünlüyü ilə keçən görüşdə təmsilçimiz rəqibi üzərində vaxtından əvvəl 14:2 hesabı ilə tam qələbə qazanaraq 1/4 finala çıxıb. Onun növbəti mərhələdəki rəqibi Rusiyadan olan güclü güləşçi Abdulrəşid Sadullayev olacaq

XXX

Nurməhəmməd Hacıyev adlı-sanlı Rusiya güləşçisinə məğlub oldu

Sərbəst güləş yarışlarında Azərbaycanı 86 kq çəki dərəcəsində təmsil Nurməhəmməd Hacıyev 1/4 finalda Rusiyanın adlı-sanlı güləşçisi, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə üz-üzə gəlib. Bu görüşdə güləşçimiz rəqibinə vaxtından əvvəl 1:11 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Sadullayev bu görüşə qədər keçirdiyi 14 qarşılaşmada heç bir rəqibinə bir xal belə verməmişdi.

XXX

Ruslan Dibirhacıyev ilk görüşündə məğlub oldu

Daha sonra döşək üstünə Azərbaycanı 70 kq çəki dərəcəsində təmsil edən Ruslan Dibirhacıyev çıxıb. 1/8 final mərhələsində onun rəqibi Polşa güləşçisi Maqomedmurad Qacıyev olub.

R. Dibirhacıyev ilk qarşılaşmasındaca rəqibinə 2:7 hesabı ilə məğlub olub.

XXX

Hacı Əliyev yarımfinalda

Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş yarışlarında Azərbaycanın şərəfini 61 kq çəki dərəcəsində qoruyan idmançımız Hacı Əliyev 1/4 finalda Slovakiya təmsilçisi Mikola Bolotnyukla qarşılaşıb.

Rəqibindan daha üstün güləş nümayiş etdirən pəhləvanımız bu görüşdən də qalib ayrılıb. O, slovak idmançıya bir xal belə vermədən vaxtından əvvəl tam üstünlüklə, 11:0 hesabı ilə qalib gələrək yarışların yarımfinalına vəsiqə qazanıb. Onun rəqibi Rusiya güləşçisi Aleksandr Boqomoyev olacaq.

XXX

Hacı Əliyev bürünc medal uğrunda güləşəcək

Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş yarışlarında Azərbaycanın şərəfini 61 kq çəki dərəcəsində qoruyan idmançımız Hacı Əliyev yarımfinalda ikiqat Rusiya çempionu Aleksandr Boqomoyevlə qarşılaşıb.

Güclü rəqiblə gərgin mübarizə şəraitində keçən görüşdə Hacı Əliyevin səylərinə baxmayaraq, o, 2:5 hesabı ilə məğlub olub. Bu isə o deməkdir ki, Hacı Əliyev son görüşündə bürünc medal uğrunda mübarizə aparmalı olacaq.

XXX

Daha bir idmançımız bürünc medal uğrunda mübarizə aparacaq.

Sərbəst güləş yarışlarında Azərbaycanı 86 kq çəki dərəcəsində təmsil Nurməhəmməd Hacıyev bürünc medal uğrunda təsəlliverici görüşdə İtaliya təmsilçisi Tudor Vasile Zuzla qarşılaşıb.

Rəqibindən açıq-aşkar üstün olan güləşçimiz onun üzərində vaxtından əvvəl 10:0 hesablı tam qələbə qazanıb. O, son görüşündə bürünc medal uğrunda mübarizə aparacaq.

XXX

Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 125 kq çəki dərəcəsində təmsil edən dünya üçüncüsü Cəmaləddin Məhəmmədov bürünc medal uğrunda təsəlliverici görüşdə Polşa güləşçisi Robert Baranla qarşılaşıb.

Rəqibi üzərində vaxtından əvvəl tam üstünlüklə 10:0 qalib gələn təmsilçimiz son görüşündə bürünc medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.

XXX

Bu gün döşək üzərində çıxmış bütün güləşçilərimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Son olaraq bu hüququ Azərbaycanı 70 kq çəki dərəcəsində təmsil edən Ruslan Dibirhacıyev əldə edib. Bürünc medal uğrunda ilk təsəlliverici görüşündə o, Bolqarıstan güləşçisi Miroslav Kirovla qarşılaşıb və rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

İkinci təsəlli verici görüşündə isə R.Dibirhacıyev Macarıstan idmançısı Zsombar Qulyasla qarşılaşıb. Bu dəfə də, sadəcə fərqli - 4:3 hesabı ilə qələbə qazanan Ruslan bürünc medal uğrunda görüşə çıxmaq hüququ əldə edib.

Bürünc medal uğrunda görüşdə onun rəqibi Gürcüstan idmançısı Davit Tlaşadze olacaq.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Sərbəst güləşçilərimiz ilk yarış günündə 2 qızıl və 1 bürünc medal əldə edib. Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) bürünc medala layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti