Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.Hüseynzadə/
Azərbaycanın əməkdar artisti, müğənni Tünzalə Ağayeva Donetskin "Şaxtyor" futbol klubunun stadionu "Donbass-arena"da olub.
"Bu futbol komandası haqda çox eşitmişəm, lakin onların gözəl stadionunda olduqdan sonra "Şaxtyor"a daha çox valeh oldum", - Ağayeva Trend Life-a bildirib.
Müğənni Donetsk Vilayəti Azərbaycanlıları Konqresinin beşinci ildönümü ilə əlaqədar tədbirlərdə iştirak çərçivəsində stadionda olub.
"Futbol mənim əvvəllər də xoşuma gəlib, lakin bu oyuna böyük marağı stadiona, soyunub-geyinmə otağına və klubun muzeyinə baş çəkdikdən sonra hiss etdim", - Ağayeva qeyd edib.
"Donbass-arena" Avropanın ən yaxşı 20 stadionundan biridir. Bu, ümumilikdə təkcə stadion deyil, konsertlərin də keçirildiyi idman-mədəniyyət kompleksidir. Stadion müasir səs və işıq avadanlıqları, 84 kvadratmetr ölçüdə iki tablo ilə təchiz edilib. "Donbass-arena"nı Donetskin mirvarilərindən biri adlandırırlar.
"Klubun muzeyi çox xoşuma gəldi. Klubun ulduzları - hücumçular Fernandinyu və Jadsonun oturacaqları ilə yanaşı şəkil çəkdirdiyim soyunub-geyinmə otağında, eləcə də xüsusi ibadətxana otağında oldum", - Ağayeva vurğulayıb.
Onun sözlərinə görə, belə stadion oyuna, ümumilikdə futbolun inkişafına stimul verir. Soyunub-geyinmə otağında müğənninin ürək sözlərini yazdığı arzular lövhəsi də var.
"Mən çox istərdim ki, Azərbaycanda da belə stadion olsun. O, sözsüz ki, ölkədə Prezident İlham Əliyevin diqqəti sayəsində fəal inkişaf edən futbolun irəliləyişinə daha böyük təkan verərdi", - Ağayeva əlavə edib.
Müğənni etiraf edib ki, "Donbass-arena"da olduqdan sonra futbolçuların əməyi və peşəsinə daha çox hörmət etməyə başlayıb.