...

"Eurovision 2012" şoularına vauçerlərin kassa satışı başlayır

Mədəniyyət Materials 20 Aprel 2012 20:26 (UTC +04:00)
May ayında "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin 6 möhtəşəm şousu keçiriləcək.
"Eurovision 2012" şoularına vauçerlərin kassa satışı başlayır

Azərbaycan, Bakı, 20 aprel /Trend/

May ayında "Bakı Kristal Zalı"nda "Eurovision 2012" mahnı müsabiqəsinin 6 möhtəşəm şousu keçiriləcək. 42 ölkənin iştirak etdiyi şouların hər biri özüməxsus və yaddaqalan olacaq. Bakı müsabiqəsində tamaşaçılar bütün konsertlərdə çox maraqlı açılış və interval şouları izləyəcəklər. Bunlardan 3-ü televiziya ilə canlı yayımlanacaq.

"Eurovision Mahnı Müsabiqəsi-2012" İşçi Qrupundan cümə günü
Trend-ə verilən məlumata görə, qeyri-adi səhnə quruluşuna, Avropada ilk dəfə istifadə olunan hərəkətli işıq effektlərinə, ən müasir səs və görüntüyə malik "Eurovision" Bakı şousunda iştirak etmək üçün tamaşaçılar biletləri şəhərimizdəki kassalardan da ala biləcəklər.

Aprelin 23-dən etibarən Bakı şəhərində "Eurovision" 2012" mahnı müsabiqəsinin yarımfinallarına (22 və 24 may), yarımfinalların əsas məşqlərinə (21 və 23 may) və jüri finalına, yəni final şousunun əsas məşqinə (25 may) biletlərin vauçerlərinin kassa satışı başlayacaq. Satış paytaxtdakı 6 kassada həyata keçiriləcək. Vauçer satışı aşağıdakı qayda üzrə aparılacaq:

- Biletlər adlı olacaq və hər bir bilet müvafiq şəxsin adına sənədləşdiriləcək;
- Azərbaycan Respublikasının vətəndaşları üçün bilet satışı yalnız şəxsiyyət vəsiqəsi əsasında aparılacaq. 16 yaşına çatmayanların şəxsiyyətini təsdiqləyən sənəd doğum haqqında şəhadətnamə hesab olunur;
- Azərbaycan Respublikasında yaşayan əcnəbilər üçün bilet satışı xarici pasport əsasında aparılacaq;
- Hər bir şəxs maksimum 10 bilet ala bilər, bu zaman digər şəxslərin də sənədləri təqdim olunmalıdır;
- Biletlərin satışı zamanı ödəmə nağd və kart sistemi ilə, Azərbaycan Respublikasının milli valyutası - manatla olacaq;
- Alınmış vauçer və ya bilet dəyişdirilə, qaytarıla və ya üçüncü bir şəxsə verilə bilməz.

Xatırladaq ki, xüsusi qoruma nişanı olan bu vauçerlər hər bir şəxsin "Eurovision 2012" mahnı müsabiqəsinin müvafiq şousuna bilet aldığını təsdiqləyir. Kassalarda və ya onlayn sistemlə alınmış vauçerlər may ayının ikinci yarısından etibarən şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletlərə dəyişdiriləcək.

"Eurovision" mahnı müsabiqəsinin iki yarımfinal şousunun biletləri 90-150 manat, onların əsas məşqlərinin biletləri 30-50 manat, jüri finalının biletləri isə 60-100 manat arasındadır.

"Eurovision 2012" mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final şousuna milli kvota üzrə ayrılmış biletlərin isə hamısı satılıb.

Bakı şəhərində biletlərin kassa satışı aşağıdakı ünvanlarda olacaq:

1. Heydər Əliyev Sarayının kassası (saat 11:00-19:00)
2. Nizami, 68 ünvanında yerləşən satış köşkü (saat 11:00-19:00)
3. Azərbaycan kinoteatrı yaxınlığındakı satış köşkü (saat 10:30-18:30)
4. Hökumət Evi yaxınlığındakı satış köşkü (saat 10:00-18:00)
5. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kassası (11:00-19:00)
6. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassası (saat 11:00-19:00)

Xəbər lenti

Xəbər lenti