...

Bülbülün 115-ci akkordu

Mədəniyyət Materials 22 İyun 2012 14:31 (UTC +04:00)
Bu gün Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Murtuza Məşədi Rza oğlu Məmmədovun (Bülbül) 115 yaşı tamam olur.
Bülbülün 115-ci akkordu

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Bu gün Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Murtuza Məşədi Rza oğlu Məmmədovun (Bülbül) 115 yaşı tamam olur.

Murtuza Məmmədov 22 İyun 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayıb.

Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynayıb.

1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R.Qraninin sinfini) bitirib Vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır.

1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayıb.

1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb. 1940-cı ildə professor seçilib. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olub.

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Konservatoriyanın nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

Bülbül Azərbaycan SSRİ Ali Sovetinin deputatı olub. O, SSRİ-nin 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı Ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi Ordeninə və medallara layiq görülüb.

26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat edib.

Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib.

Xəbər lenti

Xəbər lenti