Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Xalq artisti Yaşar Nuri ilə vida mərasimi bu gün Akademik Milli Dram Teatrında baş tutacaq. Bu barədə Trend-ə teatrın direktoru İsrafil İsrafilov məlumat verib.
Mərasim saat 13:00-da başlayacaq.
Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri cümə axşamı səhər saatlarında vəfat edib. Bu barərə Trend-ə mərhumun həyat yoldaşı xəbər verib.
Yaşar Nuri 2008-ci ilin mayında İstanbul klinikasında qaraciyərindən əməliyyat olunmuşdu. Aktyor 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində İstanbulun Memorial xəstəxanasında müalicə alıb. Ötən ilin noyabrında onun səhhəti yenidən pisləşib. Bu dövr ərzində iki dəfə İstanbuldakı Amerika xəstəxanasına yerləşdirilib, Bakıda Mərkəzi Gömrük Hospitalında müalicə alıb.
Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, məşhur Azərbaycanlı artist M.Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.
1974-cü ildən o, Azərbaycan Dövlət Dram Teatrının aktyorudur. "Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama", "Bəyin oğurlanması" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər" kimi teletamaşalarda rol alıb.
Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın Xalq artistidir. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olunub.