Azərbaycan, Bakı, 28 may /Trend, müxbir E.Mehdiyev/
Bu gün "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunun iştirakçıları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletinə tamaşa ediblər.
Trend-in məlumatına görə, əvvəlcə qonaqlara balet haqqında qısa məlumat verilib. Qeyd edək ki, baletin təqdim olunan quruluşu 2008-ci ildə bəstəkar Qara Qarayevin 90 illik yubileyi münasibətilə hazırlanıb. Librettonun müəllifi türkiyəli Yana Temiz, quruluşçu baletmeyster rusiyalı Vasili Medvedev, musiqi rəhbəri Əməkdar İncəsənət Xadimi Elşad Bağırov, quruluşçu rəssam rusiyalı Dmitri Çerbadjidir. Tamaşanın dirijoru Xalq Artisti Cavanşir Cəfərovdur.
Tamaşanın süjet xətti əsərin qəhrəmanı Bəhram şahın qayğısız gəncdən yetkin kişiyə çevrilməsi və yeddi gözəllə ünsiyyəti sayəsində dünyanı dərk etməsi üzərində qurulub.
Əsas rolları əməkdar artistlər İslam İslamov (Bəhram şah), Rimma İsgəndərova (Gözəllər gözəli) oynayıblar.
Tamaşa qonaqların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.