Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İzzət/
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında "Biliklər və elm aləminə virtual səyahət" layihəsi həyata keçirilir. Layihə çərçivəsində maarifləndirici-animasiya filmləri 2 ədəd "Atmasfera 360" sferik kinoteatrlarında nümayiş etdirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən mlumata görə, bu kinoteatr gün ərzində 5-6 seansla həmin regionların bütün yeniyetmə sakinlərinə filmləri seyr etmək imkanı yaradır. Bu kinoteatrlarda filmlər proyektorlar vasitəsi ilə 360 dərəcəli görüntülü kürə şəkilli tavana salınır. Bu ölçülərdə filmin izləyiciləri okeanların dərinliklərinə, başqa planetlərə və bütün kainata səyahət edirlər.
"Atmasfera 360" sferik kinoteatrlarında iki film nümayiş etdirilir - "Kaluokahina. Tilsimlənmiş rif" və "Kainatın sahibləri". Hər iki film maarifləndirici və əyləncəli xarakter daşıyır.
"Kaluokahina. Tilsimlənmiş rif" filmini izləyərkən, tamaşaçı okeanın dərinliklərinə baş vurur, oradakı heyrətamiz, qeyri-adi gözəlliyə malik canlıları görmək imkanı qazanır. Film Kaluokahina sualtı qayasının sakinləri olan balıq və başqa okean canlılarının öz qayasını insanlardan qorumasından bəhs edir. Film maarifləndirici məqamlar və şən yumorla zəngindir.
"Kainatın sahibləri" filmi isə xüsusi effektlər, musiqi və inanılmaz kompyuter qrafikası vasitəsi ilə izləyicini göylərə, açıq kosmosa aparır. Tamaşaçıda elə hiss yaranır ki, sanki o, zalda əyləşməyib, dərələrə baş vurur və açıq kosmosda uçur. Film Kainatın böyük partlayışdan əmələ gəlməsi və indiyədək inkişafından bəhs edir.
Filmlərin rayonlarda növbəti mərhələsinin aşağıdakı qrafikə uyğun olaraq nümayişi nəzərdə tutulub. Filmlər Azərbaycan dilində nümayiş etdirilir və giriş sərbəstdir.
1. |
Goranboy |
03-04.09.2013 |
2. |
Samux |
05-06.09.2013 |
3. |
Gəncə |
07-08.09.2013 |
4. |
Daşkəsən |
09-10.09.2013 |
5. |
Göygöl |
11-12.09.2013 |