...

İstanbulda Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılıb (FOTO)

Mədəniyyət Materials 21 Aprel 2014 10:26 (UTC +04:00)
İstanbuldakı “Kultur A.Ş.” Mərkəzində Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
İstanbulda Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/

İstanbuldakı "Kultur A.Ş." Mərkəzində Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyə-Azərbaycan Dərnəyinin (İST-TAD), Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi mərasim filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın "Məhəmmədhüseyn Şəhriyar" kitabının Türkiyə nəşrinin təqdimatı ilə başlayıb. Daha sonra iştirakçılar Məhəmmədhüseyn Şəhriyar haqqında sənədli film izləyiblər.

İST-TAD-ın rəhbəri Səfər Qaraqoyunlu, "Kultur A.Ş" Mərkəzinin baş direktoru Nevzat Kütük, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Emma Heydərova, professor Məhəmməd Nur Doğan, Esmira Fuad və başqaları ustad şair Şəhriyarın yaradıcılığı haqqında fikirlərini paylaşıb. Qeyd olunub ki, Şəhriyarın bədii yaradıcılığı Azərbaycana tükənməz sevgi, xalqına və Vətəninə ehtiram dolu misralarla zəngindir. Bildirilib ki, Şəhriyar müasir Azərbaycan ədəbiyyatında təkrarolunmaz simadır. O, özünəməxsus yaradıcılığı, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib.

Çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib. İstanbulun məşhur "Qafqaz ulduzları" rəqs qrupunun ifaları, rəngarəng musiqilər maraqla qarşılanıb. "Kultur A.Ş" Mərkəzində Şəhriyarın həyat və yaradıcılığından ibarət rəsmlər də sərgilənib. Tədbirdə iştirakçılara müəllifin imzası ilə kitablar hədiyyə edilib.

Anım mərasimində Azərbaycan diasporunun nümayəndələri, İstanbuldakı diplomatik korpusun təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri, jurnalistlər iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti