...

Azərbaycanda Misir mədəniyyəti günləri keçirilir (FOTO)

Mədəniyyət Materials 3 İyun 2014 15:42 (UTC +04:00)
İyunun 2-də Azərbaycanda Misir Ərəb Respublikasının mədəniyyət günləri başlanıb.
Azərbaycanda Misir mədəniyyəti günləri keçirilir (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

İyunun 2-də Azərbaycanda Misir Ərəb Respublikasının mədəniyyət günləri başlanıb.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən açılış mərasimi iştirakçılara əsrarəngiz ərəb musiqisi, ritmik rəqsləri, rəngarəng geyim nümunələri, ekzotik xoreoqrafiyası və sirli Şərq elementlərinin çələngində füsunkar bir axşam yaşadıb.

Tədbiri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev açaraq Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından qonaqları salamlayıb. İki dost ölkənin mədəni əlaqələrinin zəngin tarixi olduğunu diqqətə çatdıran idarə rəisi son illər bu sahədə əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etdiyini deyib.

2005-ci ildə Misirdə ilk dəfə Azərbaycan mədəniyyəti günləri keçirildiyini xatırladan Ə.Əliyev bu formatda tədbirlərin mədəni əlaqələrdə müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd olunub ki, Misir Ərəb Respublikasının ölkəmizdə mədəniyyət günlərinin maraqlı proqramı var: "Bu səhnədə Misir incəsənətinin ən yaxşı nümunələrinin, folklor çələngini mükəmməl şəkildə təqdim edə bilən məşhur "İsmailiyyə" folklor ansamblı çıxış edəcək. Mədəniyyət günləri çərçivəsində kollektivin paytaxtın Suraxanı, Xəzər, Qaradağ rayonlarında və Qobustan rayonunda da çıxışları olacaq. İnanıram ki bu gözəl mədəni mübadilədən böyük zövq alacaqsınız".

Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Haysam Calal səmimi qəbul üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirib, iki qardaş ölkə arasında mədəni əlaqələrin müvəffəqiyyətlə inkişaf etdiyini deyib: "Bizi ümumi mədəni və dini ənənələr birləşdirir. Qədim zamanlarda bir çox xalqların nümayəndələrinin yaşadıqları Misir həmişə tolerant ölkə olmuşdur. Azərbaycanı da məhz belə tolerantlıq fərqləndirir. Biz ölkələrimiz arasında mədəni əlaqələri genişləndirməkdə maraqlıyıq. Onu da qeyd edim ki, qarşıdakı ildə biz Azərbaycan mədəniyyəti təmsilçilərini ölkəmizdə görəcəyik. Düşünürəm ki, bu tədbirlər xalqlarımızı daha da yaxınlaşdıracaq".

Çıxışlardan sonra səhnə incəsənət təmsilçilərinin ixtiyarına verilib. Misir etnoqrafiyası - əkinçilik ənənələrindən əyləncə vasitələri müxtəlifliyinədək xalqın yaşam tərzinin göstəricisi olan elementlər musiqi və rəqsin harmoniyasında müfəssəl təəssürat yarada bilib. Rəqqasların şaqraq ifası, ritmik ərəb musiqisi və o musiqini daha da emosional edən xanəndələrin ifası tamaşaçı zalında əsl coşqu yaradıb. Ərəb dünyasını xarakterizə edən Şərq rəqs elementlərinin müasir Misir musiqiləri fonunda sintezi də baxımlı olub. Konsert sürəkli alqışlarla qarşılanıb.

Azərbaycanda Misir mədəniyyət günləri çərçivəsində "Qalereya 1969" sərgi salonunda Usama Abdul Rəhmanın əl işlərindən ibarət zinət əşyalarının sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyi Dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov tədbiri açaraq iki ölkənin mədəniyyət sahəsində əlaqələrdən danışıb, təqdim olunan sərginin zəngin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, yüksək bədii zövqlə hazırlanan zərgərlik işləri Misir incəsənəti ilə tanışlıq üçün daha bir əlamətdar fürsətdir.

Misir Ərəb Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili H.Calal mədəniyyət günlərini əlamətdar hadisə adlandırıb. Bu tədbirlərin iki ölkə arasında mənəvi körpü rolunu oynadığını və onları bir-birinə daha da yaxınlaşdırdığını vurğulayan diplomat 2015-ci ildə Misirdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini arzu edib.

Daha sonra çıxış edən U.A.Rəhman Azərbaycan dilində danışaraq əsərləri barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorantura təhsili alıb, bu müddətdə ölkəmizi daha yaxından tanıyıb. Xalqımızın yüksək mədəniyyətə sahib olduğunu qeyd edən qonaq onun bacarıqlı sənətkar kimi püxtələşməsində ADRA-dakı müəllimlərinin böyük zəhməti olduğunu deyib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

İyunun 6-dək davam edəcək sərgidə U.A.Rəhmanın 30-a yaxın zərgərlik nümunəsi nümayiş olunur. Sənətkar bu əl işlərində iki ölkənin incəsənətindən bəhrələnib.

Xəbər lenti

Xəbər lenti