Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Vüqar İmanov/
Nüfuzlu beynəlxalq "Miss Globe International" gözəllik müsabiqəsinin finalı ilk dəfə olaraq sentyabrın 14-də Azərbaycanda keçiriləcək. Müsabiqə RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib.
Final ərəfəsində Z COMPANY 2007 şirkətinin prezidenti Zamiq Yunisov müsabiqənin ölkənin ən böyük konsert zalında - "Baku Crystall Hall"da keçirilməsinə hazırlıqla bağlı Trend-ə müsahibə verib.
- Zamiq müəllim, Azərbaycanda ilk dəfə keçiriləcək belə vacib hadisəni necə qiymətləndirirsiniz?
- Bu müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib və sonralar dünyanın bir çox ölkələrində təşkil edilib. İndiki müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Uzun illərdir Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir ki, bu da ölkənin yüksək iqtisadi, mədəni, idman və intellektual potensialına malik oldğunu təsdiq edir. Ölkəmiz dünyada ən çox inkişaf edən ölkələrdən biridir və biz bu danılmaz faktla fəxr edirik! Buna görə də 89-cu beynəlxalq "Miss Globe International" gözəllik müsabiqəsinin finalının Bakıda keçirilməsi təsadüfi deyil və müsabiqə ən yüksək səviyyədə keçiriləcək. Sevindirici haldır ki, şirkətimiz nəinki Bakıda "Miss Globe International"ın finalının keçirilməsini təşkil etmək hüququnu, həm də yaxın 3 il ərzində müsabiqənin milli seçimlərinin keçirilməsi hüququnu əldə edib.
- "Miss Globe International"ın finalının keçirilməsinə hazırlıq necə gedir?
- Hazırlıq plan üzrə gedir və dünya tacına iddialılar ölkəyə gəlməkdə davam edirlər, müsabiqəyə hazırlaşmaq üçün onlara hər cür şərait yaradılır. İş çox mürəkkəb və məsuliyyətlidir, çünki bizim komanda üçün əsas olan ölkəmizin şərəfidir. Həmçinin hərtərəfli dəstəyə görə "Baku Crystall Hall" rəhbərliyinə, bütün sponsorlarımıza və tərəfdaşlarımıza təşəkkür etmək istərdim. Yeri gəlmişkən, "Baku Crystall Hall"da Natəvan Mirzəyevanın orijinal dizaynı ilə finalçılar üçün 7 çıxışlı, işıq və lazer effektli, 1700-1800 kvadratmetr sahəsi olan möhtəşən səhnə quraşdırılır. KİV nümayəndələrinin məhsuldar işləməsi üçün hər cür şərait yaradılıb. FOX televiziya şirkəti vasitəsilə 54 ölkədə birbaşa yayım olacaq, ümumilikdə müsabiqə dünyanın 76 ölkəsində yayımlanacaq.
- Bu müsabiqənin finalının Bakıda keçirilməsi nə verəcək?
- Məlum olduğu kimi, 1988-ci ildə bu müsabiqənin finalının Türkiyədə keçirilməsi turizm potensialının üzə çıxmasına güclü təkan verdi. Və hazırda biz Türkiyədə turizm sahəsinin nə qədər inkişaf etdiyini görürük. İş ondadır ki, "Miss Globe International"ın finalında təkcə 120 ölkənin nümayəndəsi deyil, həm də onların komandası, əcnəbi qonaqlar, KİV nümayəndələri iştirak edəcəklər. KİV nümayəndələri təkcə müsabiqə haqqında deyil, həm də onun keçirilmə yeri barədə yazacaqlar. Sosial şəbəkələrdə əcnəbi qonaqlar Bakıdan xeyli şəkil paylaşacaq ki, bu da ölkənin təbliğatı baxımından çox vacibdir. Təqribən 40 ölkədən jurnalist müsabiqəni işıqlandıracaq. Buna görə də qonaqlarımız üçün Bakının görməli yerləri üzrə infoturlar təşkil edilir, qədim tariximiz, mədəniyyətimiz, mətbəximiz, adət və ənələrimiz barədə bəhs edilir. Üstəlik, moda və incəsənət dünyasının məşhurları müsabiqənin fəxri qonaqları olacaqlar. Azərbaycandan da daxil olmaqla, onlar münsiflər heyətinin tərkibində yer alacaqlar.
Müsabiqənin informasiya dəstəyi TREND, Day.az və Milli.az-dır.