...

Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 17 Mart 2015 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

"Aşıq Şəmşir" Mədəniyyət Ocağında Dədə Şəmşirin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Trend xəbər verir ki, tədbirdə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Dədə Şəmşirin oğlu Qənbər Şəmşiroğlu, professorlar Məhərrəm Qasımlı, Şirindil Alışanov, Şahlar Əsgərov, Abuzər Xələfov, Folklor İnstitutunun direktoru Muxtar İmanov, Türkiyənin tanınmış ozanı Maksut Qoca Feryadi və Aşıq Şəmşir yaradıcılığının araşdırılması ilə məşğul olan alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk önçə Dədə Şəmşirin 1957-ci ildə lenta alınmış saz havalarını dinləyiblər.

Dədə Şəmşirin oğlu Qənbər Şəmşiroğlu qeyd edib ki, bu gün dünyanın irsi sayılan və Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinə dövlətimizin yüksək qayğısı və diqqəti var. Aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulub. Onlara hər zaman böyük diqqət göstərilib, yaradıcılıqları dəyərləndirilib. Ümummilli lider Heydər Əliyev Dədə Şəmşirin sənətinə yüksək qiymət verərək 2003-cü ildə Əməkdar incəsənət xadimi, "Şərəf" ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmçinin, sərəncama əsasən, Göygöl rayonundakı yeddiillik musiqi məktəbinə Aşıq Şəmşirin adı verilərək büstü ucaldılıb.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyatı və ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir həmişə yüksək qayğı ilə əhatə olunmuş, yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Aşıq yaradıcılığına yeni istiqamət gətirən Aşıq Şəmşir öz yüksək sənətkarlığına görə Dədə adını xalqdan qazanıb. Dədə Şəmşirin "Şeirlər" adlı ilk kitabı 1959-cu ildə "Akademiya" nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın "Qoşmalar", "Seçilmiş əsərləri", "Dağ havası", "Şeirlər", "Öyüdlər" və s. kitabları işıq üzü görub.

Professor Məhərrəm Qasımlı folklorşünas alim kimi, Aşıq Şəmşirin barmaqlarının saz çalan yüzlərlə aşığın barmaqlarından seçildiyini söyləyib. Qeyd olunub ki, musiqişünas Əminə Eldarova Dədə Şəmşirin irsinin qorunması və təbliği sahəsində ən böyük işi görərək ustad sənətkarın ifasında 1957-ci ildə 75 aşıq havasını lentə köçürüb. Bu gün də bu saz havaları lentə köçürülür və yaxın gələcəkdə saz-söz adamlarına təqdim ediləcək.

Professor Şahlar Əsgərov bildirib ki, Kəlbəcər-Göycə, Qarabağ-Gəncəbasar ellərində məşhur olan Aşıq Şəmşirin xalq şairi Səməd Vurğun ilə deyişmələri həmin tarixi günlərin poetik ovqatını və təravətini indi də saxlayır. Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrlə Kəlbəcər ədəbi mühitinin qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaradıb.

Daha sonra Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış ozanı Maksut Qoca Feryadi öz çıxışında Dədə Şəmşirin yaşadığı 87 illik ömründə yüz illərin o üzündən xəbər verən bir ozan kimi həmişə insanları haqqa, işığa səslədiyini bildirib. O, Türkiyədə Dədə Şəmşirin xatirəsinə həsr ediləcək 1-ci Türkiyə Aşıqlar gecəsinin keçirilməsini və Dədə Şəmşir Kültür evinin açılması təşəbbüsünü irəli sürüb.

Daha sonra tədbirdə iştirak edən ziyalılar Dədə Şəmşir haqqında öz təəssüratlarını bölüşüblər.

Sonda Dədə Şəmşirə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti