...

Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli” sərgisinin ən maraqlı eksponatları (VİDEO)

Mədəniyyət Materials 1 İyul 2015 09:42
Şahzadə Qreys Kellinin Monako knyazı III Renye ilə sevgi məktubları, 1955-ci ildə Kann Film Festivalında, eləcə də həmin tədbir çərçivəsində Monako knyazı III Renye ilə ilk görüşü zamanı geyindiyi libaslar və maraqlı tarixçəsi olan digər eksponatlar Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisində nümayiş olunur.
Heydər Əliyev Mərkəzindəki “Qreys Kelli” sərgisinin ən maraqlı eksponatları (VİDEO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Şahzadə Qreys Kellinin Monako knyazı III Renye ilə sevgi məktubları, 1955-ci ildə Kann Film Festivalında, eləcə də həmin tədbir çərçivəsində Monako knyazı III Renye ilə ilk görüşü zamanı geyindiyi libaslar və maraqlı tarixçəsi olan digər eksponatlar Heydər Əliyev Mərkəzindəki "Qreys Kelli: şahzadə və stil ikonası" sərgisində nümayiş olunur. Xatırladaq ki, sərgi iyunun 12-dən fəaliyyət göstərir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, sərginin rəsmi açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Monako knyazı, Qreys Kellinin oğlu 2-ci Alber iştirak edib.

Ekspozisiyada kinoulduz və şahzadə Qreys Kelliyə məxsus, onun həyatının müxtəlif dönəmlərində müxtəlif hadisələrlə bağlı olan 44 libas, zinət əşyaları, eləcə də onun aksessuarları - əlcək, şlyapa, eynək və çantaları sərgilənir.

Qeyd edək ki, Qreysin gəlinliyini "Oskar" mükafatı laureatı, dizayner Helen Rouz hazırlayıb. O, dünyanın ən bahalı libasları sırasındadır. Ziyarətçilər sərgidə, həmçinin Qreysin 1956-cı il aprelin 12-də Nyu-Yorkdan Monakoya gələrkən geyindiyi palto, 1981-ci ildə nikahlarının 25-ci ildönümü münasibətilə xüsusi portretin çəkilişi zamanı geyindiyi libasla da tanış ola bilərlər. Ümumiyyətlə, sərgidə nümayiş etdirilən eksponatlar Qreys Kellinin nağıllardakı kimi keçən ömrünü ziyarətçilərin gözləri qarşısında canlandırır.

Filmlərdə şahzadə obrazı yaradan və real həyatda şahzadəyə çevrilməsi ilə kino karyerası bitən Qreysin Hollivud fəaliyyəti ayrıca bölmədə təqdim olunur. Burada onun "Moqambo", "Ali cəmiyyət", "Oğrunu tutmalı" və "Qu quşu" və digər filmlərində geyindiyi libaslar və çəkiliş prosesi ilə bağlı maraqlı faktlar təqdim edilir. Onun 1955-ci ildə "Oskar" mükafatını aldığı gecə geyindiyi libas da nümayiş olunan eksponatlar sırasındadır. Qeyd edək ki, Qreys Kellinin bu paltarı "Oskar" tarixinin 10 ən yaxşı qadın geyimi siyahısına daxil edilib. Libası 8 dəfə "Oskar" mükafatına layiq görülmüş amerikalı kostyum dizayneri Edit Hed hazırlayıb.

Qeyd edək ki, şahzadə "saç düzümünün sfinksi" adlandırılan Lui Aleksandr Raymonun 1957-ci ildə Parisdə açdığı salona ilk müraciət edən məşhurlardan olub. Dalğavari saç düzümü modeli Qreys Kellinin vizit kartlarından biri idi. Sərgidə Qreys Kellinin saç düzümünə dair 10 eskizlə də tanış olmaq mümkündür.

Şahzadənin övladlarını gəzintiyə aparmaq üçün tez-tez istifadə etdiyi "Austin Taxi" avtomobili isə ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim olunur.

Noyabrın 1-dək davam edəcək sərgi qısa müddətdə yerli və xarici ziyarətçilərin marağına səbəb olub. Sərgidən hazırlanan video çarxı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti