Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Vüqar İmanov/
VI Beynəlxalq "Etno Poliumu. Birlik" etnik geyim festivalının bağlanış mərasimində Gülnarə Xəlilovanın kolleksiyasından olan Azərbaycanın milli geyimlərinin nümayişi böyük uğurla keçib. Bu barədə Trend-ə G.Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin mətbuat xidmətindən deyiblər.
Mərasim Rusiyanın İrkutsk vilayətinin Olxon adasında baş tutub. Bu, Baykal adalarının ən böyüyüdür. Maraqlıdır ki, Olxonda 100-dən artıq arxeoloji abidə - özünün tarixi və dini mahiyyəti olan qəbiristanlar, qədim şəhər yerləri və daş divarların qalıqları - var. Olxon bütün şamanların müqəddəs yeri və sığınacağıdır, buna görə də bu sirli və müəmmalı yeri "Şamanların adası" adlandırırlar. O, indiyədək nəsildən nəsilə ötürülən sirli əfsanələrlə zəngindir. Olxon yerli sakinlərin inanclarında və əfsanələrində Baykalın əsas ruhlarının yaşayış yeridir.
Qeyd edək ki, G.Xəlilovanın kolleksiyası festivalın açılışında da təqdim edilmişdi. Həmçinin, ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "İncəsənət tarixi" kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevil Sadıxova təmsil edirdi. Festivalın keçirildiyi müddətdə açıq və bağlı məkanlarda tədbirlər təşkil edilib: konfrans, seçmə turları, yaradıcılıq laboratoriyaları, sərgilər, finalçıların ən yaxşı geyim kolleksiyasının qala-nümayişi, müsabiqələr.
G.Xəlilova və S.Sadıxova müvafiq olaraq "Azərbaycan milli geyimi dekorativ-tətbiqi incəsənətin inkişaf səviyyəsinin əksi kimi" və "Azərbaycanın zərgərlik bəzək əşyalarında gülşəkilli bəzəyin motivinin interpetasiyası" adlı məruzələrlə də çıxış ediblər.
Bağlanış mərasimində onlara təşəkkür məktubları və festivalın xüsusi kubokları təqdim edilib. G.Xəlilova və S.Sadıxova festivalın qaliblərinin mükafatlandırma mərasimində iştirak ediblər.
Festival İrkutsk vilayətinin Qubernator İdarəsi və hökumətinin dəstəyi ilə Baykalyanı yerli xalqların Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib. "Etno Poliumu. Birlik" layihəsinin müəllifi Roza Xaltuyevadır.