Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/
Sentyabrın 16-dan 18-dək Bakı Əl Oyunları İdman Sarayında keçirilən IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında İran aktiv iştirak edir. Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsin Pakayin jurnalistlərə deyib.
M.Pakayin bildirib ki, kitab sərgilərinin keçirilməsi əhalinin mütaliəyə marağının artmasında böyük rol oynayır: "İndi kitabxanaların sayı azalıb. Buna səbəb əhalinin virtual şəbəkələrdən mütaliəyə meyillənməsidir. İranda şagirdlərin kitab oxumasına maraq yaratmaq üçün ölkənin Təhsil Nazirliyi müxtəlif proqramlar həyata keçirir."
Səfir qeyd edib ki, Bakıda keçirilən kitab sərgisinin İran stendində mədəniyyət, turizm, tarix, dini, fəlsəfə və irfan, incəsənət mövzularında 100-dən çox kitab sərgilənir. Bundan başqa Quran, Nəhcül-Bəlağə, Firdovsinin Şahnaməsi azərbaycan və fars dillərində sərgilənir.