Bakı. Trend:
Oktyabrın 10-dan 14-dək Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda Rusiya Kinosu Günləri keçiriləcək.
Trend-in məlumatına görə, oktyabrın 10-da saat 19.00-da baş tutracaq açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları rejissor və prodüser Renat Davletyarov, aktrisa Yevgeniya Malaxova (Davletyarova), rejissor Yuriy Vasilyev, prodüser Mixail Deqtyar və “Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Braqin iştirak edəcəklər.
Qeyd edək ki, açılış mərasimindən qabaq saat 18.00-da Nizami Kino Mərkəzinin konfrans zalında qonaqların və mədəniyyət nazirliyin əməkdaşlarının iştirakı ilə media üçün mətbuat konfransı keçiriləcək.
Açılış mərasiminin rəsmi hisssindən sonra rejissor Renat Davletyarovun “Təmiz sənət” bədii filmi nümayiş ediləcək.
Kino Günləri çərçivəsində 11 oktyabr saat 18:30-da rejissor Yuriy Vasilyevin “Qəhrəman”, 12 oktyabr saat 18.30-da İndar Djendubayevin “O, drakondur”, 13 oktyabr saat 18.30-da İlya Çijikov və Anton Çijikovun “Bizim qəbirstanlığın oğlanı”, 14 oktyabr saat 18.30-da isə Eduard Bordukovun “Qutu” bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.
Nümayişlərə giriş sərbəstdir.