...

Türkiyə Bakı Beynəlxalq Turizm Sərgisinə yeniliklər və məşhur simalarla qatılır (FOTO)

Mədəniyyət Materials 4 Aprel 2017 17:50 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 6-dan 8-dək "Bakı Ekspo" Mərkəzində XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AITF-2017) öz işinə başlayır.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət müşavirliyindən Trend-ə verilən məlumata görə, Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian"ın təşkilatçılığı ilə baş tutacaq tədbirə bu il Türkiyə bir sıra ciddi yeniliklərlə qatılır. Sərginin Türkiyə üzrə təşkilatçısı, Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təyin olunmuş mədəniyyət müşaviri, ölkəmizdə də geniş tanınan şair və alim İrfan Çiftçinin sözlərinə görə, bu il Türkiyə AITF-də iştirak edəcək şirkət və qurumlarını mədəni fəaliyyətlərlə zənginləşdirəcək.

İ.Çiftçi ölkəsinin turizm potensialını daha dolğun və rəngarəng şəkildə təqdim etmək məqsədilə Türkiyə Mədəniyyət və Turizm Naziliyinin başlıca təbliğat meyarlarına uyğun fəaliyyət planı hazırlayıb: “Azərbaycanda turizm sektorunda milli mədəni müxtəlifliyə, bölgə turizminə üstünlük verildiyini nəzərə alaraq, budəfəki sərgidə təbiət turizmi və Qara dəniz mədəniyyətinin təbliğinə önəm verəcəyik”.

XVI Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Türkiyə əsrarəngiz təbiəti ilə böyük turizm imkanlarına malik olan Trabzonun yerli mədəniyyət və adət-ənənələrini, milli folklorunu önə çıxaracaq. Bu məqsədlə, digər şəhərlərdən fərqli olaraq, sərgidə geniş nümayəndə heyəti ilə iştirak edəcək Trabzonun tanıtımı ilə bağlı xüsusi proqram hazırlanıb. Sərgidə sözügedən bölgənin tanınmış kazaziyyə (əlvan metallarla əl işi sənəti) və kamança ustaları, xalq oyunları sənətçiləri, görkəmli teatr və musiqi qrupları iştirak edəcəklər. Onların arasında Türkiyəni xarici ölkələrdə uğurla təmsil edən ilk qadın ney ustası Burcu Karadağ, tanınmış teatr və kino aktyoru, “Zeytinburnu Gösteri Sanatları Merkezi”nin (Teatr Sənəti Mərkəzi) baş rejissoru Mehmet Usta da var.

B.Karadağın rəhbərlik etdiyi ney və digər musiqi alətləri ifaçılarından təşkil olunan “Karadağ Musiqi Ansamblı”nın – klassik türk musiqisi ilə Mövlana Cəlaləddin Ruminin mürşidi Şəms Təbrizinin fəlsəfəsindən ilham alaraq “new agge” şərhlər – musiqidə müasir elementlərin vəhdətindən ibarət konserti, Mehmet Ustanın səhnələşdirdiyi “Perdeli Karagöz” və “Kavuklu-Pişekâr” tamaşaları sərgi iştirakçılarına zövqlu anlar yaşadacaq.

Bundan əlavə, sərgi qonaqlarının istək və arzusu ilə klassik Osmanlı və müasir Türk üslubunda Ebru sənəti ustaları Ömer Faruk Dere və Emine Derenin hazırlayacağı rəsmlər tədbirə xüsusi rəng qatacaq.

Qeyd edək ki, bundan əvvəl keçirilən Bakı Turizm sərgilərində də Türkiyə bölgə turizminin tanıtımı məqsədilə ayrı-ayrı şəhərləri önə çıxarmışdı. Bu il isə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turizm firmaları ilə yanaşı, Hotellər Birliyi, Səyahat Şirkətləri Federasiyası kimi təşkilatlardan ibarət 100-ə qədər təmsilçi ilə qatılacaq.

Bundan başqa, səfir Erkan Özoralın xüsusi dəstəyi ilə səfirliyin Mədəniyyət müşavirliyi sərgidə iştirak edən Türkiyə qurumları ilə Azərbaycanın turizm təşkilat və şirkətləri arasında işguzar görüşlər keçirməyi planlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti