...

Leoni Mergenin “Qarabağ kolleksiyası” Britaniyanın “Vogue” jurnalında (FOTO)

Mədəniyyət Materials 5 Sentyabr 2017 19:40 (UTC +04:00)
Kolleksiyanın uğur qazanması nəticəsində Britaniyanın “Vogue” jurnalının sentyabr buraxılışının “Dizayner profile” bölməsində geniş yer ayrılıb.
Leoni Mergenin “Qarabağ kolleksiyası” Britaniyanın “Vogue” jurnalında (FOTO)

Bakı. Trend:

Berlində yaşayan Leoni Mergen moda üzrə ən öndə gedən alman dizaynerlərindən biridir. Berlində Beynəlxalq İncəsənət Universitetində təhsil almış və “Patrik Helman” kimi elitar moda evlərində təcrübə keçmiş dizaynerin sənəti zəngin, ənənəvi və avanqard üslubların qarışığından ilhamlanır və bütövlükdə Avropa zərifliyi ilə ifa edilir.

Trend-in məlumatına görə, bu ilin əvvəllində almaniyalı dizaynerin 2017 - Payız/Qış kolleksiyasının təqdimatı keçirilib. Modelyerin Berlində “Mercedes-Benz”, daha sonra isə Londonda keçirilən moda həftələrində təqdim olunan kolleksiyası modelyerlər, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. “Qarabağ Kolleksiyası” (Karabakh Collection) adlanan bu layihə öz əsasını Azərbaycanın Qarabağ bölgəsindən götürür.

Leoni Mergen “Qarabağ Kolleksiyası”nı Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimləri əsasında hazırlanıb. Tarixi İpək Yolunda birləşdirici mərkəz və atçılıq sahəsində lider olmuş Azərbaycanın irsi Leoni Mergenin kolleksiyasında mühüm rol oynayır. Atçılığın təsiri ilə yaradılmış dəri aksesuarları və mürəkkəb ipək elementləri onun dizayn variasiyalarında aydın görünür.

Kolleksiyanın uğur qazanması nəticəsində Britaniyanın “Vogue” jurnalının sentyabr buraxılışının “Dizayner profile” bölməsində geniş yer ayrılıb. Burada dizayner haqqında ətraflı məlumat verilir və “Qarabağ Kolleksiyası”nın zərif ipəklə işlənmiş ən gözəl geyimlərindən biri təqdim olunur. Daha sonra jurnalın İnternet səhifəsində London podiumundan hazırlanan videomaterial yerləşdirilib.

Britaniyanın “Vogue” jurnalının sonuncu buraxılışı xüsusilə əlamətdardır. Belə ki, bu, 25 il jurnalın redaktoru olmuş Aleksandra Şulmanın rəhbərliyi altında işıq üzü görən son buraxılışdır. Qeyd edək ki, “Vogue” jurnalının dövriyyəsi 22 min nüsxə təşkil edir və bir milyona yaxın oxucu auditoriyası var.

Xəbər lenti

Xəbər lenti