...

Azərbaycanın mədəni turizm potensialı Bolqarıstanın Veliko Tırnovo şəhərində nümayiş etdirilib (FOTO)

Mədəniyyət Materials 24 Aprel 2018 14:11 (UTC +04:00)
Bolqarıstanın Veliko Tırnovo şəhərində baş tutmuş “Mədəni turizm” 15-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət nazirliyinin dəstəyi ilə ölkəmiz növbəti dəfə milli stendlə təmsil olunub.
Azərbaycanın mədəni turizm potensialı Bolqarıstanın Veliko Tırnovo şəhərində nümayiş etdirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın turizm imkanları və mədəniyyətinin Bolqarıstanda təbliği məqsədilə aprelin 19-21-də Bolqarıstanın Veliko Tırnovo şəhərində baş tutmuş “Mədəni turizm” 15-ci Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət nazirliyinin dəstəyi ilə ölkəmiz növbəti dəfə milli stendlə təmsil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgi zamanı stendi ziyarət edənlərə Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları barədə ətraflı məlumat verilib, Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş etdirilib, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Sərgidə həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası keçirilərək ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib.

Sərginin açılışında iştirak edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov və Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova Azərbaycan stendini ziyarət edib, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıblar. Sərginin sonunda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilib.

Sərgiyə paralel olaraq Bolqarıstanın Turizm nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (İnternational Committee of Tourism Film Festivals) üzvü olan “Avropanın Şərq Sahilində” adlı 14-ci Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilib. Festivala AR Mədəniyyət nazirliyi tərəfindən hazırlanmış “Bakı, Azərbaycan – ulduzların sizin üçün parladığı yer” adlı reklam çarxı təqdim edilib. Reklam çarxı festival çərçivəsində keçirilmiş müsabiqədə “Korporativ Turizm Filmi” kateqoriyası üzrə ölkənin lakonik və dinamik təqdimatına görə mükafatlandırılıb. Reklam çarxı “Korporativ Turizm Filmi” nominasiyası üzrə mükafata təqdim edilmiş 11 namizəddən 10 münsifdən ibarət heyət tərəfindən seçilmiş 3 qalib sırasında olub. Festivalda həmçinin təbiət və ekoturizm, idman və macəra, tarix və mədəniyyət və inanc və adət-ənənələr kateqoriyaları üzrə də mükafatçılar müəyyənləşdirilib. Filmlər 3 gün ərzində festival çərçivəsində Veliko Tirnovo şəhərinin sakinləri və qonaqlarına təqdim edilib.

15-ci “Mədəni Turizm” sərgisi Bolqarıstanın Turizm və Mədəniyyət nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə mədəniyyət irsi üzrə Avropa ili çərçivəsində keçirilib. Sərgidə Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika, Çin, Çexiya, Slovakiya, Polşa, Macarıstan və Yunanıstan daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 50-ə yaxın bolqar və xarici şirkət və qurumlar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti