...

Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 21 Oktyabr 2019 21:38 (UTC +04:00)
“Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, xanəndə Sara Qədimovanın xatirə gecəsi keçirilib.
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, xanəndə Sara Qədimovanın xatirə gecəsi keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, gecənin aparıcısı Əməkdar mədəniyyət işçisi , yazıçı-publisist Mustafa Çəmənli istedadlı xanəndənin həyat və yaradıcılığı barədə danışıb.

O qeyd edib ki, Sara Qədimova öz adını Azərbaycan musiqisi tarixinə qızıl hərflərlə yazdırıb, onun yaradıcılığı ölkə hüdudları xaricində də yaxşı tanınırdı. Diqqətə çatdırılıb ki, özünün muğam, xalq və bəstəkar mahnılarının unikal ifa tərzi ilə məşhur olan Sara Qədimova peşəkar karyerasına dahi Üzeyir Hacıbəylinin xeyir-duası ilə başlayıb.

Vurğulanıb ki, Sara Qədimova “Şur dəsgahı”, “Mahur-hindi”, “Bayatı-şiraz”, “Rast”, “Segah”, “Qatar”, “Şahnaz” kimi mürəkkəb muğamları gözəl ifa edən xanəndələrdən biri idi. Həmin ifalar Azərbaycan Dövlət Teleradio Şirkətinin Qızıl Fondunda saxlanılır.Gecə boyunca unudulmaz xanəndənin Dövlət televiziyasında qorunan lent yazılarından fraqmentlər nümayiş olunub, xanəndə ilə bağlı xatirələr səsləndirilib.

Xatirə gecəsində tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" ansamblının müşayiətində Əməkdar artist Ehtiram Hüseynov, Səbuhi İbayev, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Rəvanə Qurbanova, Səbinə Ərəblinin ifaları təqdim olunub.

Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti