...

Heydər Əliyev Mərkəzində “Ölülər” tamaşasının məşqləri gedir (FOTO)

Mədəniyyət Materials 22 Fevral 2023 17:04 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində “Ölülər” tamaşasının məşqləri gedir (FOTO)

Bakı. Trend:

Fevralın 24-də Heydər Əliyev Mərkəzində dahi Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşası nümayiş olunacaq. Tamaşa anşlaqla keçəcək. Çünki qısa müddətdə tamaşaya bütün biletlər satılıb.

Trend-in məlumatına görə, tamaşa ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr sənəti" layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək.

Artıq Mərkəzin Auditorium zalında dekorasiya qurulub. Bu dekorasiya məhz Mərkəzin səhnəsinə uyğun olaraq yeni hazırlanıb. Bu gün Mərkəzin zalında tamaşanın məşqləri gedir.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi yeni versiyada təqdim ediləcək.

İki hissəli tamaşada Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, İsgəndəri isə Əməkdar artist Anar Heybətov canlandıracaq. Eləcə də səhnəyə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxacaqlar.

Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi əsər olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin keçirilməsini planlaşdırır. “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində isə Heydər Əliyev Mərkəzində silsilə teatr tamaşalarının nümayişi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti