...

Heydər Əliyev Mərkəzində Azərbaycan, ABŞ və Kuba musiqiçilərinin iştirakı ilə heyrətamiz Caz günü keçirilib (FOTO)

Mədəniyyət Materials 5 May 2023 11:37 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində Azərbaycan, ABŞ və Kuba musiqiçilərinin iştirakı ilə heyrətamiz Caz günü keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində Azərbaycan, ABŞ və Kuba musiqiçilərinin iştirakı ilə heyrətamiz Caz günü keçirilib.

Yaz Bakısında yağış yağır, səhnədə isə əsl ulduz yağışı var idi - musiqiçilərin ulduz yağışı. Bunların "mərkəzində" isə bütün dünyada Azərbaycan musiqisini fəal şəkildə təbliğ edən ABŞ-dən olan virtuoz pianoçu və bəstəkar Ruslan Ağababayev dayanırdı.

Gecənin açılışında caz bilicisi, radio və teleaparıcı, əməkdar mədəniyyət işçisi Rahib Azəri sənətkarın doğma Bakıda başlayan yaradıcılıq yolundan bəhs etdi. Ruslan Ağababayevin həyatında musiqi dünyaya gəldiyi gündən olub, ana tərəfdən bütün qohumları musiqiçidir və ona musiqi sənətinə qarşı sevgini uşaqlıqdan aşılayıblar, məsələn ilk pedaqoqu dayısı Robson Yefraimov olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının məzunu təhslini "New-York New School University"də klassik kompozisiyalar bölməsində davam etdirib. Bütün dünyada konsertlərlə çıxış edərək məşhur caz və etnik musiqi ifaçıları ilə əməkdaşlıq edib. Beynəlxalq festivallarda bir çox mükafatlar qazanıb və "ASCAP"a (American Society of Composers, Authors, Publishers) qəbul olunub. Yaxınlarını və doğmalarını ziyarət etmək, konsertlərlə çıxış etmək üçün tez-tez Nyu-Yorkdan Bakıya gəlir.

"Azərbaycanı çox sevirəm və Vətəndə çıxışımdan həmişə xüsusi xoşbəxtlik duyuram. Musiqi erkən uşaqlığımdan həyatımın bir parçasına çevrilib. Altı yaşımda fortepianoda ifa etməyə və musiqi ilə ciddi məşğul olmağa başladım. Bir neçə idən sonra anladım ki, mən musiqiçiyəm, improvizələr etməyə başladım və bu dünya həyatımın bir parçasına çevrildi. Evimizdə ən rəngarəng musiqilər oxunurdu: klassika, xalq musiqisi, Rəşid Behbudovun, Müslüm Maqomayevin mahnıları və əlbəttə ki, caz. Kumirlərim Vaqif Mustafazadə, Bill Evans, Çik Koria və digərləri idi".

Ruslan Ağababayevi musiqi yazmağa müasir əsərlər ilhamlandırır - musiqiçi daima yeni müəlliflərlə tanış olur, lakin heç vaxt klassik musiqini yaddan çıxarmır: "Mən müxtəlif janrlarda bir çox əsərlər dinləyirəm, musiqi, xüsusən özünəməxsus koloriti ilə seçilən etnik, dünya xalqlarının musiqisi mənə ilham verir və çox maraqlı gəlir. Yaradıcılıqda daima yeni kompozisiyalar yaradan, indiyədək tanınmayan yeni musiqiçilər, istedadlar tapmağa çalışıram və bu cür musiqi mənim ilham mənbələrimdən biri olur. Əlbəttə ki, improvizə olunmuş musiqi inanılmaz bir şeydir, xüsusən də səhnədə həqiqətən yaxşı musiqiçilərlə yer alırsansa. Yalnız musiqi qəlbdən gələncə həqiqi əsərlər alınır".

Gecədə etnik, caz və klassik musiqidən ibarət konsert proqramı təqdim olundu. Əməkdar artist Ruslan Hüseynovun (bas gitara) rəhbərlik etdiyi və onunla yanaşı Elvin Bəşirovun (zərb alətləri) iştirak etdiyi trio, gecənin davamında onlara qoşulan xalq artistləri Ənvər Sadıqov (qarmon), Tünzalə Ağayeva (vokal), əməkdar artistlər Ceyla Seyidova (skripka), Sevda Ələkbərzadə (vokal), Elnur Mikayılov (kamança) və kubalı musiqiçi Yanssel Kastellon izləyicilərə bir çox parlaq təəssürat, mənəvi istirahət və hərarət bəxş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti