Bakı. Trend:
Dekabrın 8-də Bakıda Mədəniyyət və Kreativ Sənayelər Forumu (MYFORUM) çərçivəsində keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025” tədbiri zamanı İslam ölkələrində texnologiya və mədəniyyətin inteqrasiyasına həsr olunmuş iki əsas panel müzakirəsi baş tutub.
Trend xəbər verir ki, İCESCO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan və “İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı (CulTech)” mövzusuna həsr edilmiş birinci panel müzakirəsinin açılışında çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin əhəmiyyətini vurğulayıb.
"Birlikdə biz yenilikləri qəbul etməklə və daim dəyişən qlobal mənzərədə özünəməxsus kimliyimizi qorumaqla OİC regionunda güclü kreativ sənayelərin inkişafına çalışırıq. Əsrlər boyu musiqi, memarlıq, xalçaçılıq və digər incəsənət sahələrindəki ümumi estetik duyum və düşüncə bizi yaxınlaşdırıb və bu tarixi bağlılıq bu gün də kreativ və mədəniyyət sənayelərinin (KKS) fəal iştirakı sayəsində daha da güclənir. Bu sənayelər mədəni ekosistemin genişlənməsinə əhəmiyyətli töhfə verirlər. KKS-in əsas klasterləri incəsənət, kino, musiqi, teatr, dizayn, nəşriyyat, media, reklam, videooyunlar və mədəni irs sahələrində fəaliyyət göstərir. Yaradıcılıq potensialının inkişafı ilə yanaşı, bu sahələr iqtisadi dəyər yaradır, məşğulluğu artırır və ölkələrin beynəlxalq mədəni mübadilədə iştirakını gücləndirir", – deyə nazir müavini bildirib.
O həmçinin Mədəniyyət Nazirliyinin layihələri, proqramları və dəstəklədiyi startaplar barədə məlumat verib.
Panel iştirakçıları gənclərin potensialının inkişafına, texnoloji sahibkarlığın dəstəklənməsinə və mədəni innovasiyaların təşviqinə yönəlmiş C-HUB (Mədəni-Kreativ Hab) konsepsiyasını müzakirə ediblər. Müzakirənin əsas mövzularına aşağıdakılar daxil idi:
- kreativ sənayelərin dəstəklənməsi üçün milli və regional ekosistemlərin yaradılması;
- gənc istedadların cəlb olunmasında “GameTech”, “CulTech” və Animasiya klasterlərinin rolu;
- ICESCO ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi tədbirləri;
- XXI əsrdə mədəniyyət: süni intellekt, rəqəmsallaşma və qadın liderliyi.
“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda keçirilən ikinci diskussiya isə mədəni irsin rəqəmsallaşdırılması ilə bağlı çağırışlara və imkanlara həsr olunub. İştirakçılar zəngin islam irsinin yeni texnologiyalar vasitəsilə gələcək nəsillərə ötürülməsi və qorunması məsələlərini müzakirə ediblər. Əsas mövzular arasında aşağıdakılar yer alıb:
- irsin virtual muzeylər və açıq platformalar vasitəsilə rəqəmsal qorunması və təşviqi;
- süni intellektin (Sİ) mədəni təhsildə tətbiqi;
- müasir mədəni və sosial mühitin formalaşmasında qadın liderlərin və innovasiyaların rolu;
- gənc auditoriyanı cəlb etmək üçün kreativ sənayelərin (geymifikasiya, kino) inteqrasiyası.
Panel müzakirələrində İCESCO-nun regional direktorunun müavini Məryəm Qafarzadə, Azərbaycan Mədəniyyət Nazirliyinin xarici ölkələrlə əməkdaşlıq şöbəsinin müdiri Aydan Nuralızadə, İƏT-in Mədəniyyət məsələləri departamentinin direktoru Lusin Rəzuvi, Türkiyənin Yunus Əmrə İnstitutunun sədri Abdurrahman Əli, IRCICA-nın baş direktoru Mahmud Erol Kılıç, İCESCO-nun Bakı Regional Mərkəzinin baş direktoru Əbdülhakim Əl Sənan, SESRIC-in Təlim və Texniki Əməkdaşlıq Departamentinin direktoru Atilla Karaman, Özbəkistan Kreativ Mərkəzinin baş direktoru Əbdülvali Xaydarov, İƏT-in İnformasiya və Mədəniyyət üzrə Daimi Komitəsinin (OIC Standing Committee on Information and Culture Affairs) nümayəndəsi Amet Diallo, “Chartered Culture and Education Institute”un baş direktoru və İdarə Heyətinin sədri Vasif Eyvazzadə və digər rəsmilər çıxış ediblər.
