Azərbaycan, Bakı, 20 oktyabr /Trend müxbir Elçin Mehdiyev/
Azərbaycanda "exit-poll" keçirmək üçün ixtisaslaşmış qruplar var. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədrinin müavini Natiq Məmmədov deyib.
O bildirib ki, "exit-poll" keçirmək istəyən təşkilatlarının yaxşı resursları, o cümlədən təlim keçmiş üzvlərin iştirakı olarsa, "exit-poll"un nəticələri cəmiyyət tərəfidən ciddi qəbul edilir.
N.Məmmədov deyib ki, "exit-poll" aparmaq üçün MSK-ya müraciət edən təşkilatlardan biri "ELS" Müstəqil Araşdırmalar Mərkəzidir: "ELS" Mərkəzinin bu sahədə yaxşı təcrübəsi var".
Sədr müavini Mərkəzin "exit-poll" keçirmək üçün qeydə alınmasını təklif edib və təklif səsə qoyularaq qəbul edilib.
Daha sonra o bildirib ki, "exit-poll" keçirmək üçün müraciət edən digər təşkilat Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzidir. N.Məmmədov bu təşkilatın da "exit-poll" keçirmək üçün uyğun olduğunu diqqətə çatdırıb və onun qeydə alınmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
N.Məmmədovun sözlərinə görə, bu günə qədər "exit-poll" aparmaq üçün müraciət edən növbəti təşkilat Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasıdır. MSK sədrinin müavini bu təşkilatın da müvafiq təcrübə qazandığını bildirib və onun qeydə alınmasını təklif edib. Bu təklif də səsə qoyulub və qəbul edilib.