Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
"Seçkilər" Mətbuat Mərkəzi - Beynəlxalq ictimaiyyət Azərbaycanda gedən demokratikləşmə proseslərinə inanır. Trend-in məlumatına görə, bunu Secki-2015.az saytına açıqlamasında TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman deyib.
O bildirib ki, seçki gününə bir qədər vaxt qalsa da, artıq prosesə ciddi marağın olduğu müşahidə olunur: "MDB-dən və digər ölkələrdən çoxlu sayda müşahidəçinin gəlməsi dünya ictimaiyyətinin noyabr seçkiləri ərəfəsində Azərbaycanda baş verən demokratikləşmə proseslərinə inamının göstəricisidir. Hamı gözləyir ki, parlament seçkiləri Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı sahəsində yeni mərhələnin başlanğıcı olacaq".
M.Qusman qeyd edib ki, Azərbaycanda həyata keçirilən seçki prosesi bütün qanun və normalara ciddi riayət edilməklə davam edir: "Namizədlərin çıxışları və müzakirələri göstərir ki, Azərbaycanda dünyəvi və demokratik dövlətə xas olan formada parlament seçkiləri keçirilir. Hər seçki demokratiya yönündə növbəti irəliləyişdir".
O bildirib ki, bu gün Azərbaycan-Rusiya əlaqələri tarixinin ən gözəl dövrünü yaşayır: "İki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Əlbəttə ki, müxtəlif mövzularda daim diskussiyalar aparılır. Ümumi planda əlaqələr bundan daha yaxşı ola bilməz. Zənnimcə, yeni parlament əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Azərbaycan və Rusiya deputatları arasında sıx əlaqələr mövcuddur".
Tanınmış rusiyalı jurnalist yaxın günlərdə müşahidəçi qismində Azərbaycana gələcəyini də diqqətə çatdırıb.