Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Azərbaycanı istəməyən, sifarişlə xaricdən gələn müşahidəçilər var". Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün MSK-da keçirilən mətbuat konfransında deyib.
M.Pənahov bildirib ki, kütləvi informasiya vasitələri seçki prosesinin işıqlandırılmasında fəal iştirak etməlidirlər: "Exit-poll"lar keçiriləcək və seçicilərdən xahiş edirəm ki, "exit-poll"larda iştirak etsinlər. Bu, seçicilərin öz hüquqlarıdır. Ancaq yaxşı olardı ki, seçicilər "exit-poll"larda iştirak etsinlər".
O, qeyd edib ki, sabah saat 07:30-dan sonra seçki məntəqələrində canlanma yaranacaq. Müşahidəçilərin, KİV nümayəndələrinin iştirakı ilə seçki prosesinə başlanılacaq: "Hesab edirəm ki, keçirilmiş təlimlər nəticəsində məntəqələrdə iş bölgüsündə heç bir problem olmayacaq. Seçki məntəqələri Seçki Məcəlləsinə uyğun olaraq vəzifələrini yerinə yetirəcəklər. Seçki məntəqələrinin içərisində heç bir sıxılıq baş verməməlidir. Seçicilərdən də xahiş edirəm ki, növbəyə əməl etsinlər, səs verərkən gecikməsinlər ki, içəridə də sıxlıq yaranmasın".
M.Pənahov deyib ki, müşahidəçilərin seçkiləri əvvəldən axıra qədər izləmək hüququ var: "Amma müşahdəçilər hansısa bir nöqsanı gizli saxlamamalıdır. Müşahidəçilər hər hansı xoşagəlməz hal olarkən onu dəqiq qeyd etməlidir. Çünki istənilən xoşagəlməz hal rəsimləşdirilməli və aradan qaldırılmalıdır. Bəzi hallarda müşahidəçilər seçki komissiyalarının fəaliyyətinə müdaxilə edirlər. Müşahidəçinin beə bir hüququ yoxdur. Əgər müşahidəçi qanuna zidd hal görürsə, bununla bağlı daha yuxarı seçki komissiyasına məlumat verməlidir. Ancaq səlahiyyətlərini aşaraq seçki komissiyasının işinə müdaxilə etməməlidir".
MSK sədri qeyd edib: "Biz çalışmalıyıq ki, seçki məntəqələrində hər hansı bir pozuntu olmasın. Ancaq seçki prosesinə milyonlarla insan cəlb edilir; 10 minlərlə müşahidəçi var, KİV-lər var. Yəni bu qədər insanın iştirak etdiyi bir tədbirin ideal keçməsi, hər hansı pozuntunun olmaması mümkün deyil. Ancaq çalışmalıyıq ki, xoşagəlməz hallar mümkün qədər az olsun. Müşahidəçilər belə hallar gördükdə müdaxilə etməməlidir, sivil qaydada seçki komissiyalarına məlumat verməlidir. Ümumi pozuntular dünyanın hər yerində olur. Amma hər hansı hal baş verirsə, adekvat addım atılmalı və bu halın aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bəzən xoşagəlməz hallar olanda, bəzi insanlar seçki məntəqələrində sakit ab-havanın pozulmasına meyilli olur. Bu bizdə təəssüf doğurur. İstərdik ki, belə fikrə düşən insanlar olmasın. Hər hansı bir xoşagəlməz halın aradan qaldırılmasının sivil yolu var".
Onun sözlərinə görə, Azərbaycanı istəməyən, sifarişlə xaricdən gələn müşahidəçilər var: "Bəzən onlar öz maraqlarına uyğun olan addımlar atır. Ona görə də hər bir azərbaycanlı vətəndaşlıq mövqeyindən çıxış etməlidir və ölkəmiz haqqında pis rəy formalaşdırmamalıdır".