...

Mili Şuranın ssenarisi dəyişməyən mitinq şousu

Gündəm Materials 10 Mart 2018 17:28 (UTC +04:00)
Bu gün Milli Şuranın növbəti mitinqfasonu baş tutdu.
Mili Şuranın ssenarisi dəyişməyən mitinq şousu

Bakı. Trend:

Bu gün özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun növbəti mitinqi keçirildi. Yenə də həmin şou, yenə də həmin şüarlar. Budəfəki yığıncağa Milli Şura Musavat Partiyasının üzvlərini də hansısa yolla cəlb etmişdi. Yəqin hesabatda adam sayı nəzərə alınacaqmış. Ona görə də AXCP sədri Əli Kərimli bu partiyanın bir-iki üzvünün də yalvar-yaxar çağırılaraq orada görünməsini istəmişdi.

Mitinqdə "hər şey"dən danışıldı. Məsələn, 2015-ci ilin noyabr ayına kimi Nardaran qəsəbəsini əsarət altında saxlayan radikal dindarlardan, din pərdəsi altında Nardaranı orta əsrdə saxlayanlardan, polisə silahlı müqavimət göstərərək 2 polis zabitini qətlə yetirənlərdən və onların azadlığa buraxılmasından. Milli Şuranın mil-mil şüarlarının əsasını bu təşkil edirdi. Əli Kərimli dayanmadan qışqırırdı ki, bəs həmin şəxsləri azadlığa buraxın, yenə Nardaranı və Nardaran kimi digər qəsəbələri zəbt etsin, insanların inkişafına mane olsunlar. Deməli, Milli Şura üzvləri istəmirlər ki, qəsəbələr inkişaf etsin, əhalinin sosial rifahı yaxşılaşsın, gənc nəsil savadlı böyüsün. Onların məqsədi din pərdəsi altında hoqqa çıxardanların azadlıqda olması, silahlanması və dövlət içində dövlət yaratmağa cəhd edərək vətəndaş müharibəsi törətməsinə şərait yaratmaqdır. Onlar istəyirdilər ki, Taleh Bağırzadə Nardaranda silahlı terror qruplaşması yaratsın, Azərbaycana düşmən olan dövlətlər tərəfindən silahlansın və ölkədə qırğın törətsin. Nəsə olanda da arxaya çəkilərək "din" adını qabağa verib "müsəlmanları qırırlar" yalanı ilə özlərini dünyaya “demokrat dindar” kimi sırısınlar.

Hə, bir də Əli Kərimli və ətrafındakılar aradabir demokratiyadan, müasirlikdən dəm vururdu. “Demokratlar”ın “demokrat” şüarları bilirsiniz nə idi? “Xalq Taleh Bağırzadənin azadlığını istəyir”. Hansı xalqdır bunu istəyən? Kimdir yenidən Nardaranı orta əsrdəki kimi görmək istəyən?

Nardaran hadisələrində həbs olunan cinayətkar dəstənin azadlığa buraxılmasını istəyən “xalq” Milli Şuranın aldatdığı bir neçə nəfərdir. Azərbaycanda problem tapa bilməyəndə yalnız bu bir neçə nəfərin "duaları" Milli Şuranın köməyinə çatırdı. Onları xaricdəki himayədarlarına göstərirdilər ki, Nardaranda vəziyyət acınacaqlıdır, qəsəbə sakinləri orta məktəbə getmir, təhsildən yayınır, səfalət içində yaşayır, qaz, işıq və su pulunu verə bilmir, xeyli borcu var və s. Bu idi xaricə təqdim edib qrant aldıqları “faktlar”.

Amma indi o faktlar da yoxdur. Cinayətkar dəstə zərərsizləşdirildi, Nardaran tam simasını dəyişdi, küçələr genişləndirildi, müasir standartlara uyğun təmir olundu, əhalinin məşğulluğu nəzarətə götürüldü, ziyarətgahlar və məscidlər əsaslı təmir edildi. Prezident İlham Əliyevin tapşırığı ilə Nardaran sakinlərinin külli miqdarda kommunal borcları silindi. Artıq Nardaranda silahlı terrorçu qruplaşma təşkil etmək planları yarımçıq qaldı. Hətta dövlət həll olunmamış xırda bir problem də saxlamadı.

Ümumiyyətlə, mitinqə gələnləri barmaqla saymaq mümkün idi. Şouya qatılan bir neçə yüz nəfər arada mikrofondan çıxan səslərə diksinib qulaq asırdı. Hiss olunurdu ki, onlar öz istəkləri ilə bura gəlməyiblər. Yəqin ki əksəriyyəti məcburi, qalanı isə kiminsə xahişi ilə ora toplaşmışdı. Elə buna görə də mitinq təqribən yarım saat gec baş tutdu və başlayandan bir az sonra da stadiona toplaşanlar yavaş-yavaş aradan çıxdılar. Amma Əli Kərimli sözünə sadiq çıxdı, axıra qədər mitinqi tərk etmədi, sona qədər dözüb dayandı. O bu dözümü ilə, şousu ilə xaricdəki rəhbərlərinə hesabat verirdi ki, "Baxın, mən buradayam, getməmişəm!" Yəqin ki xaricdəki himayədarları onun bu "rəşadət"ini qiymətləndirəcək və bir qədər maliyyə vəsaiti göndərəcək ki, "dözümlülüyü" artsın.

Beləliklə, budəfəki ənənəvi şou da başa çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti