Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən zərərçəkmiş Fəridə Əzizova bildirib ki, təqsirləndirilən şəxslərlə barışıq müqaviləsi imzalayıb: "8 min manat nağd ödəniş edildi, qalan məbləğin ödənilməsi üçün borc müqaviləsi imzaladıq. Müqaviləyə görə, qalan 6500 manatı da ödəyəcəklər. Hər hansı şikayətim yoxdur".
Proses oktyabrın 17-də davam edəcək.
Xatırladaq ki, prokuror Nicat İsrafilovun 8 il 6 ay, Nərgiz Fərəcovanın isə 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, 2017-ci ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonundakı mənzilindən seyf oğurlanıb. Bir neçə ay sonra idmançının evindən içərisində 35.000 manat və 18.800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Daha sonra Nərgiz Fərəcova ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb.
Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.