...

Bakı bulvarının əsl yaranma tarixi bəlli oldu - Yeni sənədlər tapılıb (FOTO)

Gündəm Materials 6 Aprel 2019 14:42 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dənizkənarı Bulvar İdarəsinin Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib.

Bulvar İdarəsindən Trend-ə verilən məlumata görə, tarixi faktlar Bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir.

Məhz 7 aprel 1909-cu ildə Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır. Aprelin 9-da “Kaspi” qəzetinin 77-ci sayında Hacınskinin Dənizkənarı bulvarın tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında şəhərdə yeganə olan Mixaylovski bağının azlıq etdiyini, şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün geniş bir yerin ayrılmasının zəruriliyini vurğulayır. Hacınski çıxışında əsaslandırırdı ki, iqtisadi cəhətdən də sərfəlidir - yeni salınacaq dənizkənarı bulvardakı çiçək və sərinləşdirici su köşkləri şəhər büdcəsinə müntəzəm olaraq ayda 4-6 min rubl gəlir gətirəcək. Nəticədə Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq, bu layihənin icrasına 10 min rubl ayırır. M.Hacınskinin bu layihəsi Bulvarın salınması tarixində ilk maliyyələşdirilmiş sənəd idi.

Aparılan tədqiqatların nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutuna, Memarlıq və İncəsənət İnstitutuna, Azərbaycan Respublikası Memarlar İttifaqına rəsmi olaraq təqdim olunub. Yekun olaraq bu qurumlar Dənizkənarı bulvarın yaradılma tarixinin 7 aprel 1909-cu ildən başlanmasına dair müsbət rəylər veriblər.

Qeyd edək ki, bu il Dənizkənarı bulvarın yaradılmasının 110 ili tamam olur. Bu münasibətlə il ərzində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti