Bakı. İlhamə İsabalayeva - Trend:
2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayır.
Trend-in məlumatına görə, ixtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını www.eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Abituriyentlər, müsabiqə şərtlərini ödədikləri halda, eyni vaxtda 3 ixtisas qrupu (I-IV ixtisas qruplarının hər hansı ikisi və V ixtisas qrupu) üzrə müsabiqədə iştirak edə bilərlər.
Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Müsabiqə şərtlərinə gəlincə, I ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
II ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
III ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
IV ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Qeyd edək ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ali təhsil müəssisələrinə yerləşdirmə başa çatdıqdan sonra aparılacaq.