Bakı. Samir Əli - Trend:
Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması və nəticədə mükli şəxslərin yaralanması ilə bağlı Yəhudi Dini İcması bəyanat yayıb.
İcmadan Trend-ə daxil olan bəyanatda bildirilir: “Biz - Yəhudi Dini İcması olaraq, Gəncədə yaşayan soydaşlarımız adından Ermənistanın törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyirik. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriya qurğularından atəşə tutması qəbuledilməzdir. Bu bütün beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir.
Məlum olduğu kimi, Naftalan, Ağdam, Tərtər Daşkəsən, Göygöl və Goranboyla yanaşı, döyüş bölgəsindən aralıda yerləşən Gəncə şəhəri də Erməsitan tərəfindən ağır artilleriya atəşinə məruz qalır. Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olub, 6-sı uşaq, biri digər millətdən olan şəxs olmaqla, 35 dinc sakin yaralanıb, şəhərin infrastrukturuna böyük ziyan dəyib.
Qeyd etmək lazımdır ki, Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədəvət toxumu səpməyə çalışsa da buna nail ola bilməyib. Onların təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər aramızda olan birlik, qardaşlıq tellərini daha da möhkəmləndirir".
Bəyanatda qeyd edilir ki, Yəhudi Dini İcması Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatdır: "Beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik".