...

Koronavirusa yoluxan sabiq icra başçısının tənəffüsü tam bərpa olunub - Nazirlik

Gündəm Materials 7 Yanvar 2022 09:20 (UTC +04:00)
Koronavirusa yoluxan sabiq icra başçısının tənəffüsü tam bərpa olunub - Nazirlik

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirus infeksiyasına yoluxan Mahir Quliyevin tənəffüsü tam bərpa olunub.

Bunu Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, hazırda M.Quliyev COVID-19 sonrası reabilitasiya məqsədilə mülki xəstəxanada müalicəyə cəlb olunub.

"Artıq tənəffüsü tam bərpa olunub, süni nəfəs aparatından ayrılıb və reabilitasiya üçün başqa xəstəxanaya köçürülüb. Sabiq icra başçısının vəziyyəti kafidir, hazırda COVID-19 sonrası reabilitasiya mərhələsindədir,"- deyə məlumatda bildirilir.

Xatırladaq ki, M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

M.Quliyev koronavirusa yoluxduğu üçün Astara İstintaq Təcridxanasından Gömrük Hospitalına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti