...

Türkiyənin Respublika Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib (FOTO/VİDEO)

Gündəm Materials 29 Oktyabr 2022 21:43 (UTC +04:00)
Türkiyənin Respublika Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib (FOTO/VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 29-da Türkiyə Respublikasının yaranmasının 99-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

Trend xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri rəsmi qəbulda iştirak ediblər.

Türkiyənin ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən səfir Cahit Bağcı bildirib ki, Türkiyə Cümhuriyyəti ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib.

O qeyd edib ki, bölgəmizdə yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb.
“Qlobal qida böhranına çarə olan Türkiyə Azərbaycanla birlikdə enerji problemini də həll edəcək. Ölkələrimiz Avropanın dəyişən təhlükəsizlik və enerji məsələlərinin həllində mühüm rola malikdirlər”, - deyə səfir bildirib.

Türkiyə və Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan C.Bağçı deyib ki, bugün 5 mindən çox Türkiyə şirkəti Azərbaycanda, 3 minə yaxın Azərbaycan şirkət Türkiyədə fəaliyyət göstərir. Ticari dövriyyəmiz 5 milyard dollardan çoxdur.

Türkiyə ilə Azərbaycan Avropaya, Asiyaya açılan iki körpüdür və strateji hub rolunu oynayır”, - deyə səfir bildirib.
Rəsmi qəbulda çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 99-cı ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

O bildirib ki, doxsan doqquz il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanmış Cümhuriyyət quruculuğu yolu qardaş Türkiyəni dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirib.

"Xüsusən qeyd edilməlidir ki, son illərdə Türkiyə Respublikasının Prezidenti, böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi həyatın bütün sahələrində möhtəşəm uğurlara gətirib çıxarmışdır. Türkiyə Respublikasında, eləcə də​ Türkiyə Respublikasının iştirakı ilə dünyanın digər bölgələrində, xüsusən Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələr xalqların rifahına və tərəqqisinə xidmət edir.

Türkiyə Respublikası beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Hesab edirəm ki, bu nüfuz bir tərəfdən və təbii olaraq, onun siyasi, iqtisadi, hərbi, intellektual, mənəvi potensialı və geosiyasi önəmi ilə bağlıdır. Digər tərəfdən isə və xeyli dərəcədə bununla bağlıdır ki, Türkiyənin xarici siyasəti bu gün dünya miqyasında böyük ehtiyac duyulan haqq-ədalət və dürüstlük meyarları üzərində qurulub", - deyə S.Qafarova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti