Şuşa. Trend:
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası üçüncü gündür ki, davam edir.
Trend-in Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, etirazçıların sayı getdikcə artır. Bakıdan daha bir qrup QHT nümayəndəsi Şuşaya gələrək etiraz aksiyasına qoşulub. Gecə boyu davam edən etiraz aksiyası səhər saatları olmasına baxmayaraq yenə də davam edir. Aksiya iştirakçıları ermənilərin törətdiyi ekoloji terrora son qoyulmasını, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsini tələb edirlər.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.