Bakı. Trend:
Dünən Kəlbəcərdə baş verən mina partlayışı erməni terrorizminin bariz nümunəsidir. Təəssüf ki, Ermənistan mina terroruna görə cəzasız qalır.
Bunu bu gün Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramov bildirib.
O qeyd edib ki, Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın tələblərindən biri də mina xəritələrini Azərbaycana təhvil verməsidir.
"Ermənistan kapitulyasiyadan sonra mina xəritələrinin verilməsi ilə bağlı imitasiya xarakterli addımlar atdı. Reallıqda isə biz bunun tam əksini müşahidə elədik. Ermənilər Kəlbəcəri boşaldan zaman humanitar səbəblərdən onlara 10 gün əlavə vaxt verildi. Lakin ermənilər Azərbaycanın humanizmindən istifadə edərək əraziləri minaladı. Bu günə qədər işğaldan azad edilən torpaqlarımızda onlarla vətəndaşımız minaya düşərək yaralanıb və həlak olub", - o vurğulayıb.
Ekspert qeyd edib ki, çox təəssüf ki, bir çox dünya ölkələri və təşkilatları Azərbaycanın üzləşdiyi mina probleminə etinasız yanaşır.
"Baş verənlərlə bağlı Ermənistana heç bir xəbərdarlıq edilmir. Təəssüf ki, hələ də buna göz yumaraq Ermənistanı müdaifə edən ölkələr və qüvvələr var. Azərbaycan xalqı bunları unutmayacaq. Dünyada az sayda ölkə var ki, mina istehsal edir. Həmin ölkələrdən biri də Ermənistandır. Bu, Ermənistanın hansı niyyətdə olduğunun bariz nümunəsidir. Baş verən hadisə dünyada terror hadisəsi kimi qiymətləndirilməlidir", - deyə ekspert qeyd edib.
Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 əməkdaşı piyada əleyhinə minaya düşüb. Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.
Xatrıladaq ki, Vətən Müharibəsindən sonra ümumilikdə 276 nəfər minaya düşüb, onlardan 123 nəfər mülki şəxs, 153 nəfər hərbi qulluqçudur. Mina partlaması nəticəsində 45 nəfər həlak olub (35 nəfər mülki şəxs, 10-u hərbi qulluqçu). 231 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb (88 nəfər mülki şəxs, 143 nəfər hərbi qulluqçu).