Bakı. Trend:
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili Əməliyyat (Komando) və Hərbi Hava Qüvvələri (HHQ) hərbi hissələrini ziyarət ediblər.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Komando hərbi hissəsinə gələn nümayəndə heyəti burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.
Hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi
haqqında ətraflı brifinq təqdim edildikdən sonra qonaqlar hərbi
qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış
olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi
çıxışlarını izləyib.
Sonra nümayəndə heyəti HHQ-nin pilotsuz uçuş aparatları hərbi
hissəsinə gələrək silahlanmada olan hərbi texnika ilə tanış
olub.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.