...

Sular qonşu ölkələr tərəfindən daim çirkləndirilir – Komitə sədri

Gündəm Materials 28 Fevral 2024 10:20 (UTC +04:00)
Sular qonşu ölkələr tərəfindən daim çirkləndirilir – Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazdakı ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, 10 faizi isə Azərbaycanın payına düşür. Orta illik yerüstü su ehtiyatı isə 32,3 milyard kubmetrdir. Respublikamızın ərazisinin dörddə üç hissəsi Kür çayı hövzəsinə düşür və bu çay ölkə əhalisi üçün əsas içməli su mənbəyidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində formalaşır.

“Təəssüf ki, bu sular da qonşu ölkələr tərəfindən daim çirkləndirilir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, proqnozlara görə ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var.

“2070-ci ilə qədər isə, həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Belə ki, Kənd Təsərrüfatında 2010-cu ildə əgər bir milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm bir milyon 700 min hektara çatıb. Başqa sözlə desək, suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti