Bakı. Trend:
Səhiyyə Nazirliyi elektron reseptlərlə bağlı vətəndaşlara müraciə edib.
Trend xəbər verir ki, müraciətdə deyilir:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2023-cü
il tarixli 318 s saylı Sərəncamına əsasən, ölkədə səhiyyə sahəsində
rəqəmsallaşdırma çərçivəsində önəmli addımlardan olan Elektron
Resept Platforması Səhiyyə Nazirliyi tərəfindən 1 may 2024-cü il
tarixindən etibarən istifadəyə verilib.
Kağız blanklar üzərində əl ilə yazılan reseptlərdən fərqli olaraq,
elektron reseptin itirilməsi, zədələnməsi mümkün deyil. Elektron
reseptlərdə yalnız Dövlət Qeydiyyatından keçən və qiymətləri Tarif
Şurası tərəfindən təsdiqlənən dərman preparatlarının təyini
edilməsi və apteklər tərəfindən satışı nəzərdə tutulur. Bu da, öz
növbəsində, əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman
preparatlarının satışının qarşısını alır, eyni zamanda şəffaf
qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının
qorunmasına xidmət edir.
Vətəndaşları öz istehlakçı hüquqlarının qorunması naminə,
reseptlərinin təyin və təmin olunması zamanı ilə bağlı bu
prosesləri “Elektron resept” tətbiqi vasitəsilə aparılması üçün
təşəbbüs göstərməyə və buna əməl etmələri üçün həm təyin edən tibb
işçiləri, həm də əczaçılardan tələb etməyə çağırırıq.
Buna əməl edilmədiyi təqdirdə, vətəndaşları Səhiyyənin
İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar
Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28
(“WhatsApp”)) əlaqə saxlamağı tövsiyə edirik".