Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, təşkilat və məüssisə rəhbərlərinin iştirakı ilə Palçıqoba kəndində səyyar qəbul keçirib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, qəbulda Çinartala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Palçıqoba, Çinartala, Manafoba, Ağaşirinoba və Qıraqlı kənd sakinlərinin müraciəti dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildirib, elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması, yolların təmiri və mübahisəli torpaq məsələsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.