Bakı. Trend:
Azərbaycan bu gün Avropanın enerji müstəqilliyinin, enerji təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətli bir ölkədir.
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında Polşa Respublikası Senatının Marşal müavini Mixael Kaminski deyib.
O, artıq bir çox Avropa ölkəsinin Azərbaycandan əhəmiyyətli miqdarda enerji resursları aldığını xatırladıb:
"Bu, onu göstərir ki, Azərbaycan strateji baxımdan asanlıqla Avropa üçün çox təhlükəsiz və etibarlı tərəfdaş ola bilər".
O, eyni zamanda, XII Qlobal Bakı Forumu haqqında təəssüratlarını da bölüşüb:
"Hesab edirəm ki, XII Qlobal Bakı Forumu Azərbaycanın dünyada artan əhəmiyyətindən, nüfuzundan xəbər verir və mən bunu böyük məmnuniyyətlə qeyd edirəm. Çünki mən Qlobal Bakı Forumunun daimi iştirakçısıyam.
Qlobal Bakı forumu təkcə regionda deyil, Avropada, deyərdim ki, bütün dünyada fikir mübadiləsi üçün ən mühüm platformalardan birinə çevrilib. Bu faktın özü bizə Azərbaycanın müxtəlif baxış bucaqlarının, fərqli geosiyasi strategiyaların, baxışların və mövqelərin görüşmə mərkəzi kimi nə qədər əhəmiyyətli olduğunu göstərir".
"Tərəflərin hamısının Azərbaycana gələrək burada öz fikirlərini bölüşmək və çox dürüst bir müzakirədə daha yaxşı bir dünyaya nail olmaq imkanı var. Çünki bu, bizim hamımızın ehtiyac duyduğumuz bir şeydir", - deyə M.Kaminski vurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.