Bakı. Trend:
Avropa və Avropa İttifaqı ABŞ administrasiyası ilə konstruktiv və strateji əməkdaşlığı davam etdirməlidir.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın xarici işlər naziri Georq Georqiyev XII Qlobal Bakı Forumu çərçivəsində çıxışı zamanı bildirib.
“Avropa və Avropa İttifaqı ABŞ administrasiyası ilə konstruktiv və strateji əməkdaşlığı davam etdirməlidir. Əgər biz, həqiqətən, ümumi məqsədə - BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Ukraynada hərtərəfli, ədalətli və uzunmüddətli sülhə - nail olmaq istəyiriksə, bu, siyasi zərurətdir”, - deyə nazir qeyd edib.
Georqiyev vurğulayıb ki, ümumi dəyərlər və sülhə can atmaq əsasında qurulan möhkəm tərəfdaşlıq beynəlxalq münasibətlərdə həlledici rol oynayır.
“İkinci Dünya Müharibəsindən sonra sülh, sabitlik və rifahın təmin olunmasında həlledici rol oynamış Avropa İttifaqı və ABŞ arasındakı strateji tərəfdaşlıq, bu gün hər zamankından daha böyük önəm kəsb edir”, - deyə o əlavə edib.