Bakı. Trend:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Mehriban Qasımova Şuşa Humanitar Kollecinin, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Mehriban Qasımova Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində “Xalq çalğı alətləri orkestrinin rəhbəri”
ixtisası üzrə ali təhsil almışdır. O, əmək fəaliyyətinə 1987-ci
ildə Şuşa Mədəni-Maarif Məktəbində başlamış, daha sonra Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi fənləri və
orkestr dirijorluğu” kafedrasında çalışmışdır. Əmək fəaliyyəti
ərzində laborant, böyük laborant, müəllim, baş müəllim, “Musiqi
sənəti” fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.
M. Qasımova 2013-cü ildə “Qabaqcıl təhsil işçisi” adına layiq
görülmüş, eyni ildə “Sənətşünaslıq” üzrə fəlsəfə doktoru elmi
dərəcəsi almışdır.
Bəşir Əliyev Bakı Dövlət Universitetində “Tarix” ixtisası üzrə
bakalavr təhsili almış, daha sonra ADA Universitetində “Bir
müəllimin manifesti” ixtisasartırma proqramını uğurla
tamamlamışdır.
B. Əliyev 2014-2020-ci illərdə Füzuli rayonu, Yağlivənd kənd tam
orta məktəbində tarix müəllimi vəsifəsində çalışmış, 2020-ci ildən
son təyinatadək isə Füzuli rayonu, Mollaməhərrəmli kənd tam orta
məktəbinin direktoru vəzifəsini icra etmişdir.
