Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir M.Əliyev/
Dağıstanda baş vermiş yol qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Dağıstan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin (DİN) növbətçi hissəsi Trend -a bildirib.
Dağıstanda avtobusla KAMAZ markalı maşının toqquşması nəticəsində altı nəfər həlak olub. Qəza cümə axşamı saat 03.20 radələrində Qoçubəy qəsəbəsindən beş kilometr aralıda Mahaçqala-Həştərxan yolunda baş verib. Mahaçkala-Moskva marşrutu ilə hərəkət edən "İkarus" markalı avtobus KAMAZ-la toqquşub. Qəza nəticəsində üç nəfər hadisə yerindəcə keçinib, üç nəfər isə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Dəqiqləşdirilən məlumata görə, 11 nəfər xəstəxanaya yerləşdirilib. Məlumatı RİA Novosti yayıb.
"Zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir", - Dağıstan FHN-in məlumatında deyilir.
Qəzanın səbəbləri araşdırılır.