Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir /A.Hüseynbala/
Azərbaycanın Tovuz rayonunda baş verən qəza nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.
"Aprelin 21-də saat 07:20 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində, Bakıdan Qazax istiqamətində hərəkət edən, Goranboy rayon sakini Mahir Əliyevin idarə etdiyi "Mercedes" markalı avtobusla, Tovuz rayon sakini Zirəddin Yusifovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşublar", - bu barədə cümə axşamı Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd edilir ki, qəza nəticəsində avtobus aşıb, 8 sərnişin - Nizami Hüseynov, Qazax rayon sakinləri Sevinc Ömərova, Nuradə Abdullayeva, Elvin Abdullayev; Gürcüstan vətəndaşı Təhminə Qəmbərova; Türkiyə vətəndaşları Özan Bülent Kazım, Yardımçı Yaşar və Yardımçı Bora Yaşar oğlu ölüb. 12 sərnişin - Gürcüstan vətəndaşları Nadir Osmanov, Esmira Qurbanova, Məhəmməd Osmanov; Qazax rayon sakinləri Oksana Əliyeva, Məsmə Əliyeva, Fariz Qocayev, onun oğlu Fərid; Tovuz rayon sakinləri Qoşqar Mehmanov, Qafar Məsimov; Gəncə şəhər sakini Rzaqulu Məmmədov; Türkiyə vətəndaşları Zöhrə Yardımçı və onun oğlu Burat Yardımçı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər: "Onlardan 10-nun vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə orta-ağırdır. Hazırda DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır", - məlumatda vurğulanır.