Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Ağdaş və Tərtərdə törədilən ağır cinayətlərlə bağlı rəmsi məlumat yayıblar.
2011-ci il noyabrın 10-da Ağdaş şəhər sakini 75 yaşlı Telman Abdullayevin yaşadığı evin həyətindən küt alətlə qətlə yetirilmiş meyiti tapılıb. Bu barədə Trend-ə DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən məlumat verilib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Bu ağır cinayət hadisəsi ilə bağlı polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət yaradılmış əməliyyat-istintaq qrupu hadisə yerindən 1 ədəd "Mauser-Verkif" markalı tapança və içərisində 15 ədəd patron olan 2 daraq aşkar edib götürüb.
Qısa müddətdə həyata keçirilmiş tədbirlərlə cinayəti törətmiş Ağdaş sakinləri Elnur Musayev və Rövşən Əliyev müəyyən edilib tutulublar.
Həmin gün - noyabrın 10-da Tərtər rayonunun Sarıcalı kənd sakini Tünzalə Həsənovanın da yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Bununla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, həyata keçirilmiş tədbirlərlə qətli törətmiş Tərtər şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Ocaqov tutulub.
İstintaq araşdırmaları ilə Tahir Ocaqovun zərərçəkmişi aralarında baş vermiş münaqişə zəminində qəsdən öldürməsi müəyyən edilib.