Azərbaycan, Bakı, 11 iyun /Trend/
Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1942-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını bayır tərəfdən açıblar.
Mənzilə baxış keçirilərkən Vesçelova Svetlana Dmitriyevna döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Vesçelovanın vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.