Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda məsciddən oğurluq edən şəxs tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda dekabrın 15-də "İlahiyyat" məscidindən, eləcə də Zeynəb Ağayevaya və Arif Vəliyevə məxsus mağazalardan oğurluq edilib.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Vəliyev tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun şəhər sakini Zahir Nəcəfova məxsus yeni tikilmiş evdən 140 metr uzunluğunda elektrik kabeli, noyabr ayının 1-də Elçin Quliyevə məxsus yardımçı təsərrüfatdan 50 ədəd göyərçin, Tofiq Novruzova məxsus ticarət köşkündən 50 manat pul, meyvə-tərəvəz və Xırdalan şəhər sakini Daşqın Nəzərova məxsus ticarət köşkündən meyvə-tərəvəz oğurlaması da müəyyən edilib.