Gürcüstan, Tbilisi, 17 yanvar /Trend, müxbir N.Kirsxaliya/
Azərbaycanın hüquq-mühafizə orqanları çərşənbə günü saxlanılan Kibar Xalvaşini Gürcüstanın təqdimatı üzrə artıq azad ediblər. Bu barədə cümə axşamı Trend-ə Gürcüstan Baş Prokurorluğundan bildiriblər.
Prokurorluqdan qeyd ediblər ki, Xalvaşi artıq İnterpol xətti üzrə axtarışda deyil və ona qarşı bütün ittihamlar geri götürülüb.
Xalvaşi keçmiş müdafiə naziri İrakli Okuraşvilinin dostudur və "Rustavi-2" teleşirkətinin sabiq rəhbəridir. Gürcüstan Prezidenti Mixail Saakaşvili və İrakli Okuraşvili arasında münasibətlər korlandıqdan sonra Xalvaşi təqiblərə məruz qalmış və əmlakının böyük hissəsi əlindən alınşışdı. O, ölkəni tərk etmiş və Almaniyada sığınacaq tapmışdı.
Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin cümə axşamı yaydığı məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Respublikası CM-in 180-ci (dələduzluq), 182-ci (mənimsəmə), 194-cü (çirkli pulların yuyulması), 210-cu (saxta sənəd), 332-ci (vəzifə səlahiyətlərindən sui istifadə), 341-ci (saxtakarlıq) və 342-ci (tutduğu vəzifəyə yararsızlıq) maddələri ilə axtarışda olan Gürcüstan vətəndaşı Kibar Xalvaşi tutulub.