Azərbaycan, Bakı, 2 avqust /Trend/
Gömrük əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik gətirmək fikrinə düşən şəxslər yenə də Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit olaraq istifadə etməyə cəhd göstəriblər. Bu, son bir ay ərzində ayrı-ayrı vətəndaşlar tərəfindən eyni marşrut seçilməklə narkotiklərin qanunsuz dövriyyəsinə edilən ikinci belə cəhd olub.
Faktla bağlı araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikası vətəndaşları - 1974-cü il təvəllüdlü Həsənov Fuad Allahverdi oğlu və 1981-ci il təvəllüdlü Hüseynov Natiq Çingiz oğlu qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik əldə etməkdən ötrü İran İslam Respublikasına getməyi qərara alıblar. Onlar Biləsuvar gömrük sərhəd-buraxılış məntəqəsindən keçərək İranın Culfa şəhərinə gəliblər. Rza adlı İran vətəndaşı ilə görüşüb narkotik vasitələrin alqı-satqısı ilə bağlı razılaşıblar. Yerindəcə narkotikin "dadına baxıb" bir gecə də həmin şəxsin evində qalıblar.
Əldə etdikləri narkotik vasitələri səhər tezdən bükümlər halına salıb gömrük nəzarətindən gizli keçirməkdən ötrü öz bədən üzvlərində - düz bağırsaqda gizlədiblər. Naxçıvan Muxtar Respublikasının Culfa gömrük sərhəd-buraxılış məntəqəsindən keçən zaman gömrük əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakinləri - Həsənov Fuad Allahverdi oğlu və Hüseynov Natiq Çingiz oğlu şəxsi yoxlamaya cəlb olunublar. Onların bədən üzvlərindən ümumi çəkisi 160 qram olan narkotik vasitələr - tiryək və həşiş aşkarlanaraq götürülüb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
Qeyd edək ki, 39 yaşlı Fuad Həsənov bu vaxta qədər ömrünün 10 ilini, 32 yaşlı Natiq Hüseynov isə öz ömrünün 7 ilini həbsxana divarları arxasında keçirib. Hər ikisi indiyə qədər dörd dəfə - Cinayət Məcəlləsinin soyğunçuluq, xuliqanlıq, qanunsuz narkotik əldə edib istifadə etmək və dələduzluq maddələri ilə ittiham olunaraq həbs ediliblər. Özlərinin dediklərinə görə, bir-biriləri ilə tanışlıqları da məhz həbsxanada başlayıb.
Növbəti cinayət əməlinə görə isə saxlanılan şəxsləri üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Faktla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.