...

Şəkidə oğurluqla məşğul olan yeniyetmələrdən ibarət dəstə saxlanılıb

Hadisə Materials 21 Dekabr 2013 14:37 (UTC +04:00)
Şəkidə polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda oğurluqla məşğul olan yeniyetmələrdən ibarət dəstə saxlanılıb.
Şəkidə oğurluqla məşğul olan yeniyetmələrdən ibarət dəstə saxlanılıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir İ.İzzət/

Şəkidə polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda oğurluqla məşğul olan yeniyetmələrdən ibarət dəstə saxlanılıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları 6 ay ərzində daxil olmuş ərizə və şikayətlərlə əlaqədar olaraq şəhər ərazisində əməliyyatlara başlayıblar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki sakinləri Quliyev Nicat Ramiz oğlu və Sadıqov Sadiq Əhməd oğlunun başçılıq etdiyi 8 nəfər yeniyetmədən ibarət dəstə saxlanılıb.

Keçirilmiş əməliyyat tədbirləri zamanı məlum olub ki, Şəki sakinləri Sadıqov Sadiq, Quliyev Nicat, Musayev Cavidan, Zəkəriyəyev Ayaz, Həmidli Elvin, Alxasov Məhəmməd, Məhəmmədli Seyran və İsmayılov İntiqamın olduğu dəstə 6 ay ərzində şəhər ərazisində müxtəlif zamanlarda müxtəlif dükan, ev və avtomobillərdən oğurluq edib. Onlar oğurluq zamanı, əsasən, avtomobillərin audio sistemlərini, evlərdən elektron avadanlıqlar və s. əşyaları oğurlayıb.

Polisdən verilən məlumata görə, dəstənin üzvləri şəhər ərazisində İqbal adlı şəxsə məxsus çayxananı ondan icarəyə götürüblər. Daha sonra onlar çayxanada toplaşaraq orada öz oğurluq planlarını cızıblar.

Polisin məlumatına əsasən, həmin şəxslər saxlanılma zamanı polisə müqavimət göstəriblər. Həmçinin saxlanılanlardan Məhəmmədli Seyran dindirilmə zamanı polis əməkdaşına zor tətbiq edib. Polis həmçinin bildirib ki, dəstə üzvləri Şəkinin Arxüstü adlanan ərazisində bir gün ərazində 5 dəfə oğurluq ediblər. Aparılan araşdırmalar zamanı maraqlı faktlar da ortaya çıxıb. Belə ki, dindirilmə zamanı həmin şəxslərə polis tərəfindən vəkil təqdim olunub. Dindirilmə zamanı bəlli olub ki, dəstə üzvləri onlara təqdim olunan vəkilin qohumunun evini də qarət ediblər.

Qeyd edək ki, dəstə üzvlərindən iki nəfər yetkinlik yaşına çatmayıb, digərlərinin yaşları isə 17-21 yaş arasındadır. Polisdən verilən məlumata görə, dəstə üzvlərinin sayının artması və oğurluqların digər şəhərlərdə olunması faktları istisna deyil.

Qeydə alınmış bütün faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti