...

İsmayıllıda meşədə baş verən yanğının söndürülməsinə aviasiya cəlb olunub

Hadisə Materials 27 Avqust 2014 13:25 (UTC +04:00)
İsmayıllıda meşədə yanğın baş verib. Yanğının söndürülməsinə aviasiya və yanğınsöndürən texnikalar cəlb olunub.
İsmayıllıda meşədə baş verən yanğının söndürülməsinə aviasiya cəlb olunub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İlkin İzzət/

İsmayıllıda meşədə yanğın baş verib. Yanğının söndürülməsinə aviasiya və yanğınsöndürən texnikalar cəlb olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Qaraqaya kəndində, rayon mərkəzindən 25 km aralıda dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır. Yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd vertolyot, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, 26 avqust 2014-cü il tarixində saat 17 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Talıstan meşəbəyliyinin 2 saylı dolayının yüksək dağlıq sahəsində yanğın hadisəsi baş verib.

İlkin ehtimala görə meşədə böyürtkən yığan kənd sakinlərinin odla ehtiyatsızlığı səbəbindən baş verən yanğının söndürülməsinə ETSN-in müvafiq yerli qurumlarının və FHN-in Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, yayılma arealı geniş olsa da, yanğın bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə ümumilikdə 1 hektar quru ot və kol örtüyünü əhatə edir. Yanğının qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları tərəfindən operativ tədbirlər davam etdirilir.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti